Bakıda daha iki küçənin təmiri başa çatır

Bakıda daha iki küçənin təmiri başa çatır Rəşid İsmayılov və Xurşidbanu Natəvan küçələri yenidən qurulur
İnfrastruktur
2 İyun , 2015 13:10
Bakıda daha iki küçənin təmiri başa çatır

Bakı. 2 iyun. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsinin daha iki küçəsi, Rəşid İsmayılov və Xurşidbanu Natəvan küçələrində aparılan yenidənqurma işləri başa çatmaq üzrədir.

"Azəryolservis”dən “Report”a bildirilib ki, küçələrin ümumi uzunluğu 670 metr, eni isə ortalama 13,5 metrdir. Burda ümumilikdə 9 500 kv. metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Artıq Xurşidbanu Natəvan küçəsində, təqribən 4 600 kv. metr sahədə bu işlər yekunlaşıb. Rəşid İsmayılov küçəsində isə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. İki gün ərzində burda da işlərin yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra isə hər iki küçə tam olaraq yeni görkəmdə sürücülərin ixtiyarına veriləcək.

Artıq hər iki küçədə zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Sözügedən ərazidə təqribən 1 350 paqon metr yeni səki daşı düzülüb, səkilərdə abadlıq işləri həyata keçirilir. Bəzi ərazilərdə səkilərə tamet daşları düzülüb və bu işlər davam etdirilir, bəzi yerlərdə isə səkilər asfaltlanır.

"İşlər tərtib olunan qrafikə uyğun olaraq həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib", - deyə "Azəryolservis”dən bildirilib.

Qeyd edək ki, bundan öncə qəsəbənin ümumi uzunluğu təqribən 4 km olan 4 küçəsində analoji təmir-tikinti işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi