Bakıda sıxlıq yaşanan daha bir yol yenidən qurulur

Bakıda sıxlıq yaşanan daha bir yol yenidən qurulur Həmin ərazidə hərəkət zolaqlarının sayı artırılır
İnfrastruktur
17 Mart , 2015 15:30
Bakıda sıxlıq yaşanan daha bir yol yenidən qurulur

Bakı. 17 mart. REPORT.AZ/ Bakıda Biləcəri enişindən və Xurşidbanu Natəvan küçəsindən Rəşid İsmayılov küçəsinə və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə artıq yenidənqurma işlərinə başlanılıb. Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-dən "Report"a verilən məlumata görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən R.İsmayılov küçəsində hərəkət zolaqlarının artırılması istiqamətində işlər həyata keçirilir.

"Sözügedən küçənin X.Natəvan küçəsi ilə kəsişməsindən Bakı-Quba yolunun 7-ci km-də yerləşən yolötürücüsünə qədər olan hissəsində genişləndirmə işləri aparılır. X.Natəvan küçəsi ilə kəsişməsindən Avtovağzal dairəsinə qədər olan hissəsi hər bir zolağı 3,75 metr olmaqla, 3 hərəkətzolaqlı, Avtovağzal dairəsindən X.Natəvan küçəsi ilə kəsişməsinədək olan hissəsi isə hər zolağı 3,5 metr olmaqla, 2 hərəkət zolaqlı avtomobil yolu və avtobuslar üçün eni 7,5 metr olan zolaq və cib nəzərdə tutulub", - məlumatda bildirilib.

Bundan əlavə, həmin ərazidə yerləşən dairənin kiçildilməsi planlaşdırılır. Yeni layihəyə əsasən, dairənin radiusu 11 metr, diametri isə 22 metr təşkil edəcək. Dairədən Avtovağzal istiqamətinə olan 110 metrlik məsafə 4 gediş - 4 gəlişdən ibarət olacaq. Əlavə olaraq avtobuslar üçün hərəkət zolağı və dayanacaq inşa olunacaq. Eyni zamanda Bakı-Quba yolunun yenidən qurulmuş 6-9 km köməkçi hissəsindən Avtovağzal istiqamətinə olan sahəsində eni 3,5 metr olan yeni zolaq salınacaq. Hazırda ərazidə yol geyiminin tikintisinə start verilib. Hava şəraiti normal keçərsə, işlərin yaxın bir ay ərzində tamamlanması gözlənilir. Nəzərdə tutulan yenidənqurma işlərindən sonra yeni inşa olunmuş dairəvi qovşaq və zolaqlar hesabına həmin ərazidə nəqliyyat sıxlığı aradan qaldırılacaq.

Son xəbərlər

Orphus sistemi