"Pandemiya dünyada istehsalçı və istehlakçılar arasında ənənəvi əlaqələri pozub" - ŞƏRH

"Pandemiya dünyada istehsalçı və istehlakçılar arasında ənənəvi əlaqələri pozub" - ŞƏRH Koronavirus pandemiyasının yayılmasının qarşısının almaq üçün tətbiq olunan karantin tədbirləri dünya iqtisadiyyatı üçün təsirsiz ötüşmədi. Belə ki, insanların aktivliyinin məhdudlaşdırılması nəticəsində resurslara və enerji daşıyıcılarına, o cümlədən neftə tələb kəskin azaldı, işgüzar fəallıq minimuma endi, əksər istehsal sahələri dayandı və sair. Avropa Komissiyasının son iqtisadi proqnozuna əsasən, pandemiya İkinci Dünya müharibəsindən sonra ən ciddi dünya böhranına səbəb olacaq. Nəticədə bu il dünya iqtisadiyyatında 3,5% azalmanın olacağı gözlənilir. Qeyd olunan bütün faktorlar qlobal yükdaşımalara və logistika zəncirinə necə təsir edir?
İnfrastruktur
7 May , 2020 14:54
Pandemiya dünyada istehsalçı və istehlakçılar arasında ənənəvi əlaqələri pozub - ŞƏRH

Koronavirus pandemiyasının yayılmasının qarşısının almaq üçün tətbiq olunan karantin tədbirləri dünya iqtisadiyyatı üçün təsirsiz ötüşmədi. Belə ki, insanların aktivliyinin məhdudlaşdırılması nəticəsində resurslara və enerji daşıyıcılarına, o cümlədən neftə tələb kəskin azaldı, işgüzar fəallıq minimuma endi, əksər istehsal sahələri dayandı və sair. Avropa Komissiyasının son iqtisadi proqnozuna əsasən, pandemiya İkinci Dünya müharibəsindən sonra ən ciddi dünya böhranına səbəb olacaq. Nəticədə bu il dünya iqtisadiyyatında 3,5% azalmanın olacağı gözlənilir. Qeyd olunan bütün faktorlar qlobal yükdaşımalara və logistika zəncirinə necə təsir edir?

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev "Report"a bildirib ki, pandemiya birmənalı olaraq beynəlxalq yükdaşımalara və logistikaya mənfi təsir göstərib:

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev

“Pandemiya qlobal mənada dünyada mövcud olan təchizat zəncirini qıraraq istehsalçı və istehlakçılar arasında ənənəvi əlaqələri pozub. Yükdaşımalara tətbiq olunan məhdudiyyətlər, iqtisadi aktivliyin əhəmiyyətli dərəcədə aşağı düşməsi, istehsalın kütləvi olaraq məhdudlaşması və dayanması qlobal logistikaya ciddi zərbə vurub. Belə ki, sərhəd keçid məntəqələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və əlavə tələblərin irəli sürülməsi birbaşa olaraq yükdaşımaların vaxtını uzadıb. Pandemiyanın yükdaşıma vasitələrinə təsiri isə müxtəlif formada olub. Daha böyük zərbə dəniz yükdaşımalarına dəyib. Quru nəqliyyatında daşınmalar zamanı insan faktorunu minimuma salmaq mümkün olsa da, dənizlə yükdaşımalar zamanı bunu etmək olmur. Buna görə də pandemiya şəraitində dəniz yoluna nisbətən quru nəqliyyata daha böyük üstünlük verilir”.

Onun sözlərinə görə, pandemiyanın logistikaya mənfi təsirlərinin miqyası birbaşa onun müddətindən asılı olacaq: 

“Yəni müddət uzandıqca mənfi təsirlər də dərinləşəcək daha ciddi fəsadlara səbəb olacaq. Mövcud durumdan çıxış edərək beynəlxalq yükdaşımaların böhrandan əvvəlki vəziyyətə dönəcəyi vaxt barədə proqnoz vermək kifayət qədər çətindir. Bu, ilk növbədə onunla əlaqədardır ki, pandemiyanın pik həddinə çatma vaxtı hər ölkədə fərqlidir. Əgər Çin, İtaliya və İspaniya pik həddi geridə qoyubsa, ABŞ, Rusiya və Türkiyə kimi iri iqtisadiyyatlarda fərqli tendensiya müşahidə olunur".

Ekspert deyib ki, digər bir faktor böhranın alıcılıq qabiliyyətinə təsiri ilə bağlıdır: "Belə ki, işsizliyin artması səbəbi ilə alıcılıq qabiliyyətinin aşağı düşməsi yükdaşımaların həcminə birbaşa təsir edəcək. Bu da post-pandemiya dövründə yükdaşımaların həcminin bərpasını ləngidə bilər. Logistika həlqələrinin sabit işləməsi üçün alternativlərin olması hər zaman mühüm əhəmiyyət kəsb edir. Bir marşrutda və ya dəhlizdə problem yarandığı təqdirdə yüklər operativ şəkildə digərinə keçirilir. Bunun üçün isə həmin dəhlizlər arasında müvafiq əlaqə olmalıdır”.

Pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər yerli logistika şirkətlərinin fəaliyyətinə necə təsir göstərib?

Kənan Sadıqlı
Kənan Sadıqlı

Nəqliyyat və logistika sferasında fəaliyyət göstərən “ScanEX Enterprises Limited” şirkətinin direktoru Kənan Sadıqlı bu suala cavabında "Report"a bildirib ki, avtomobil yükdaşımalarında çatdırılma vaxtı əhəmiyyətli dərəcədə artıb:

"Buna səbəb koronavirusun yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunan əlavə prosedur qaydaları olub. Məhdudiyyət tədbirləri əlaqədar olaraq həm Rusiya, həm də Gürcüstan sərhədlərində ciddi tixaclar yarandı. Əvvəl Avropadan avtomobillə 15-17 günə gələn yüklər müştəriyə 10-15 gün gecikmə ilə çatırdı. Düzdür, bu, birbaşa olaraq bizdən asılı olan səbəblərdən baş verməsə də, istənilən halda müştəri qarşısındakı öhdəliklərimizə mənfi təsir edib. Ləngimələrlə əlaqədar olaraq Avropada pandemiyanın pik vaxtında hətta sürücü tapmaqla bağlı problemlərlə üzləşdik. Belə ki, sürücülər vaxt itkisinə görə Azərbaycana gəlmək istəmirdilər. Hava uçuşları dayandırıldığı üçün sürücülərimiz gedib həmin avtomobilləri gətirə bilmirdilər. Yəni qısa müddət ərzində belə bir kuryoz vəziyyətdə qaldıq. Bütün bunlar nəticə etibarı ilə xərclərin 15-20% həddində artmasına səbəb oldu. Geniş mənada qiymətlərdə dəyişiklik etməsək də mövcud vəziyyət uzansa bazarda qiymətlərin dəyişməsinə uyğun olaraq tariflərə yenidən baxılacaq".

Hava nəqliyyatı ilə yük daşımalarına gəlincə, şirkət direktoru diqqətə çatdırıb ki, burada əsas itkilər vaxtla bağlı olub: "Belə ki, uçuşların intensivliyinin əhəmiyyətli dərəcədə aşağı düşməsi yüklərin çatdırılma vaxtının uzanması ilə nəticələnib. Lakin bununla bağlı birbaşa maliyyə itkiləri ilə üzləşməmişik”.

Son xəbərlər

Orphus sistemi