Son 20 ildə Azərbaycanda mühüm infrastruktur layihələri icra edilib və ölkəmizin beynəlxalq logistika mərkəzinə çevrilməsi üçün şərait yaradılıb.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ötən gün Zəngilan şəhərində işə başlamış və bu gün işini Bakıda davam etdirən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransda bildirib.
"Azərbaycan hökuməti həmişə ölkənin əlverişli coğrafi mövqeyindən maksimum istifadə etməyə, regionun ölkələri arasında ticarət, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsinə çalışıb və bu gün də bu istiqamətdə səylərini davam etdirir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 25 milyon tona çatdırılması üçün tapşırıqlar verilib və bu istiqamətdə müvafiq işlər görülür. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin buraxılış gücünün artırılması üçün işlər aparılır. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" böyük donanmaya malikdir və beynəlxalq sularda donanmasını aktiv şəkildə genişləndirir", - deyə o qeyd edib.
***
"Bu konfransda Zəngəzur dəhlizi ilə bağlı məsələlərə geniş yer verilməsi təsadüfi deyil. Ümid edirəm ki, tədbirin yekununda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra, əsas sülh alətlərindən biri, regional kommunikasiyaların açılmasının məntiqi nəticəsi kimi meydana çıxan Zəngəzur dəhlizi konsepsiyası barədə iştirakçılarda daha aydın fikir formalaşacaq. Zəngəzur dəhlizinin region üçün mühüm əhəmiyyət kəsb edən Orta Dəhlizin əsas hissəsi kimi potensialı, əsas üstünlükləri və tranzit əhəmiyyəti barədə ətraflı müzakirələr aparmaq və gələcəkdə dəhlizin digər beynəlxalq platformalarda təşviqi üçün geniş məlumat bazasına malik olmaq baxımından konfransın əhəmiyyəti böyük olacaq", - deyə R.Hümmətov əlavə edib.
Xatırladaq ki, konfrans Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir. Tədbirin məqsədi trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı dövlət, özəl və akademik sektorlar arasında müzakirələr təşkil edilməsi, maraqlı tərəflər arasında əməkdaşlıq qurulmasıdır. Konfransda 15 ölkədən, 8 beynəlxalq təşkilatdan, o cümlədən beynəlxalq maliyyə institutlarından 200-dən çox qonaq iştirak edir.
“Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda konfransa müxtəlif ölkələrdən 150-yə yaxın elmi məqalə təqdim olunub. Hazırda məqalələrin İqtisadiyyat İnstitutu tərəfindən ekspert qiymətləndirməsi həyata keçirilir və seçilən məqalələrin toplu halında nəşr olunması nəzərdə tutulur.
Konfransda yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin əməkdaşları, alimlər və beynəlxalq nəqliyyat şirkətlərinin rəhbərlərinin iştirakı ilə panel müzakirələr təşkil olunacaq.
