Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycanda “NAZ-Lifan” markalı avtomobillərin “NAZ-Lifan X-50”, “NAZ-Lifan-820” modellərinin ilk nümunələrinin istehsalına başlanılıb.
“Report”un xəbərinə görə, texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan Naxçıvan Avtomobil Zavodunda (NAZ) 6 modeldə “NAZ-Lifan” markalı minik avtomobilləri istehsal edilir.
Zavodda avtomobillərin bütün hissələri yığılır. Bu da istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. NAZ-da istehsal olunan minik avtomobillərinin satışı işi də yüksək səviyyədə aparılır. Naxçıvan, Bakı və Xaçmaz şəhərlərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları yaradılıb. Yaxın vaxtlarda isə Gəncə şəhərində satış mərkəzinin, texniki xidmət şöbələrinin və avtomobillərin ehtiyat hissələrinin satışı mağazasının yaradılması nəzərdə tutulub. Mühərrik və sürət qutusuna 40 min kilometr və ya 2 il zəmanət verilən avtomobillərin satışı nağd və ya sərfəli kredit şərtləri ilə aparılır.