Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda yaşıllıq zonasına düşən və götürülməsinə zərurət yaranan ağacların əvəzinə götürüləndən daha çox ağac əkiləcək.
"Report" xəbər verir ki, bunu Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə bağlı növbəti ictimai dinləmədə “Gidrotransproyekt” Elmi-tədqiqat mərkəzinin direktoru, “Evroskom” ASC-nin sədr müavini Natiq Əliyev bildirib.
O deyib ki, yolun genişləndirilməsi zamanı yaşıllıq zonada olan ağaclar sayılıb və onlardan köçürülə bilməyənlərin kompensasiya edilməsi üçün birmənalı olaraq daha çox ağac əkilməsi nəzərdə tutulub: "Tikinti aparılan sahədə köçürülməsi mümkün olmayan ağaclar götürülüb, yerinə daha çox ağac əkiləcək. Meşə fonduna aid olmayan diametri kiçik olan ağaclar isə yeni ərazilərə köçürülürlər. Buna görə qərara alınıb ki, köçürülə bilməyən ağacların əvəzinə ən azı iki dəfə daha çox ağac əkilsin".
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsi üzrə ən yaxşı variant mövcud yolun genişləndirilməsidir.
“Report” xəbər verir ki, bunu yolla bağlı bu gün Bakıda keçirilən ictimai dinləmələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov bildirib.
Onun sözlərinə görə, yolun genişləndirilməsi ilə bağlı iki alternativ variant nəzərdən keçirilib.
"Əgər bu yol 4 zolaqdan ibarət olacaqdısa mövcud olan yolun iki zolağı, sağ və sol yol çiyinləri artıq hazır idi. Əlavə genişləndirmə zamanı nə qədər ağac kəsiləcək, torpaq sahəsi götürüləcək, onların hamısı ölçülüb biçildi, dəqiqləşdirildi. Variantlarda vizual olaraq meşə sahəsinin ən az olması görünsə də, ümumən götürəndə bir variantda təxminən eyni, bəlkə də bir az da çox, digərində isə yolun sıfırdan genişləndirilməsi hesabına daha çox ağacın, daha çox ətraf mühitin müəyyən təsirlərə məruz qalması müəyyən olundu. Biz bunu digər əlaqədar qurumlarla, mərkəzi icra hakimiyyəti orqanları, layihəçilərlə müzakirə edərək sonda belə bir qərara gəldik ki, hansı variant ətraf mühitə daha az zərər vurursa onun üzərində dayanaq. Yolun genişləndirilməsi zamanı ağaclar kəsilməli, torpağın üst münbit qatı götürülməli, su axınları, sürüşmə zonaları nəzərə alınmalı, dib bərkitmə, suvayların vurulması işləri görülməlidir ki, bunların hamısı dolayısı ilə ətraf mühitə vurulan ziyandır və nəzərə alınıb", - deyə sədr qeyd edib.