MİDA-nın Yasamal Yaşayış Kompleksində ilk mənzillərin satışı başa çatıb

MİDA-nın Yasamal Yaşayış Kompleksində ilk mənzillərin satışı başa çatıb 278 şəxs güzəştli mənzilə sahib olub
İnfrastruktur
6 Dekabr , 2018 15:06
MİDA-nın Yasamal Yaşayış Kompleksində ilk mənzillərin satışı başa çatıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında 05.09.2018-ci il tarixində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 324 mənzildən 278-nin alqı-satqısı başa çatıb.

"Report" bu barədə MİDA-ya istinadən xəbər verir.

Güzəştli şərtlərlə əldə edilmiş 278 mənzildən 57-si 1 otaqlı, 146-sı 2 otaqlı, 75-i isə 3 otaqlıdır. Mənzilə sahib olmuş vətəndaşlardan 61-i mənzili öz vəsaiti hesabına, 217-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.

Mənzilləri əldə etmiş vətəndaşlardan cəmi 2%-i “Güzəştli mənzil” sistemində qeydiyyat zamanı mənzili öz vəsaiti hesabına almaq niyyətini bildirsə də, alqı-satqı zamanı bu rəqəm 22%-ə qədər yüksəlmişdir. Mənzilləri öz vəsaiti hesabına əldə edən vətəndaşlar Agentlik tərəfindən tətbiq edilmiş əlavə endirimlərdən yararlanaraq:

1 otaqlı mənzil üçün 26 959 manat (endirimdən əvvəl bu məbləğ 29 953 manat olub);

2 otaqlı mənzil üçün 42 896 manat (endirimdən əvvəl bu məbləğ 47 661 manat olub);

3 otaqlı mənzil üçün 59 405 manat (endirimdən əvvəl bu məbləğ 66 006 manat olub) ödəniş edib.

Bununla yanaşı, mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olan vətəndaşlara da endirimlər tətbiq edilib. Həmin şəxslərdən 39%-i minimal tələbdən artıq ilkin ödəniş etdiyindən 10% həcmində əlavə endirimlə mənzilə sahib olub. Nəticədə:

1 otaqlı mənzil üçün aylıq ödəniş 88 manatdan (360 ay müddətinə; Satış elanında 1 otaqlı mənzil üçün 129-136 manat aylıq ödəniş qeyd olunub);

2 otaqlı mənzil üçün aylıq ödəniş 135 manatdan (360 ay müddətinə; Satış elanında 2 otaqlı mənzil üçün 203-236 manat aylıq ödəniş qeyd olunub);

3 otaqlı mənzil üçün aylıq ödəniş 200 manatdan (252 ay müddətinə; Satış elanında 3 otaqlı mənzil üçün 282-288 manat aylıq ödəniş qeyd olunub) başlayır.

Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər və məcburi köçkünlər üstünlük təşkil edir. Ümumilikdə mənzil alanların 58%-nin yaşı 35-ə qədərdir. Yaxın vaxtlarda mənzillərin vətəndaşlara təhvil verilməsi planlaşdırılır.

Vətəndaşlar tərəfindən rəsmiləşdirilməsindən imtina olunan mənzillərin sayı isə 46-dır (12-si 1 otaqlı, 28-i 2 otaqlı, 6-sı 3 otaqlı). Həmin mənzillər növbəti elanda təkrarən yeni mənzillərlə birlikdə satışa çıxarılacaq.

İmtinanın səbəbləri:

Seçdiyi mənzilin otaq sayı və mərtəbəliliyi ilə bağlı qərarını sonradan dəyişdiyinə görə – 15 nəfər;

Ailənin gəliri güzəştli ipoteka krediti əldə etməyə və mənzili öz vəsaiti hesabına almağa kifayət etmədiyinə görə – 21 nəfər;

“Gənc ailə” (35 yaş) statusunu itirdiyindən güzəştli ipoteka krediti verilmədiyinə görə – 6 nəfər;

Yaşı ipoteka kreditinin verilməsi həddini keçdiyinə görə (63 yaş və yuxarı) – 2 nəfər;

Ailə vəziyyətinə görə – 2 nəfər.

Yaxın vaxtlarda Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.

Son xəbərlər

Orphus sistemi