Laçınlılara məxsus heyvanlar arasında peyvəndləmə işləri görülür

Laçınlılara məxsus heyvanlar arasında peyvəndləmə işləri görülür Laçınlılara məxsus təsərrüfatlarda heyvanlar arasında “Epizootiya əleyhinə profilaktik və diaqnostika tədbirlər planı”na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlərə start verilib.
İnfrastruktur
4 aprel 2019 08:37
Laçınlılara məxsus heyvanlar arasında peyvəndləmə işləri görülür

Laçınlılara məxsus təsərrüfatlarda heyvanlar arasında “Epizootiya əleyhinə profilaktik və diaqnostika tədbirlər planı”na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlərə start verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) “Report”a verilən məlumata görə, hazırda Ağcabədi rayonun Taxtakörpü qəsəbəsində (Laçın rayonundan köçkün salınan heyvandarlıqla məşğul olan insanların əksəriyyəti bu qəsəbədə yerləşib) və digər rayonlarda məskunlaşan laçınlılara məxsus heyvandarlıq təsərrüfatlarında tədbirlər davam etdirilir.

Hazırda laçınlılara məxsus təsərrüfatlarda 33 min baş iribuynuzlu, 180 min baş xırdabuynuzlu, 400 baş təkdırnaqlı, 3 min baş sahibli it və 1 026 500 baş ev quşu mövcuddur.

Cari ilin müvafiq dövrü ərzində Laçın rayon Baytarlıq İdarəsinin 10 sahə baytarlıq məntəqəsi tərəfindən aparılan tədbirlər çərçivəsində laçınlılara məxsus ayrı-ayrı şəxsi təsərrüfatlarda 33 321 baş iribuynuzlu, 21 588 baş xırdabuynuzlu, 1 307 baş təkdırnaqlı heyvanda qarayara, 3 050 baş sahibli itdə quduzluq, 95 263 baş xırdabuynuzlu heyvanda çiçək, 305 500 baş çüçədə (La-sota ştammı ilə) və 211 900 baş ev quşlarında (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1 349 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

Fevral ayının 10-dan bütün ölkədə olduğu kimi, Laçın rayonundan erməni işğalçıları tərəfindən köçkün salınan əhaliyə məxsus iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 31 088 baş iribuynuzlu, 102 320 baş xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Mart ayının ilk günlərindən isə Laçın Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 23 503 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılaraq 20 ədəd tövlə və tövləətrafı ərazilərdə 3 830 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri görülüb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Son xəbərlər

Orphus sistemi