“Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu rabitəsinin inkişafı Orta Dəhlizin potensialının inkişafına töhfə verir”.
“Report” xəbər verir ki, bunu Qırğızıstanın nəqliyyat və kommunikasiyalar nazirinin müavini Irısbek Bariyev “Beynəlxalq nəqliyyat və logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, sözügedən dəmir yolu dəhlizi Asiyaya kontinental körpünün cənub qoluna çevriləcək, Cənub-Şərqi və Qərbi Asiya, eləcə də Yaxın Şərq ölkələrinin bazarlarına çıxışı, nəqliyyatın təhlükəsizliyini təmin edə biləcək: “Marşrut malların Çindən Orta Asiya, Yaxın Şərq ölkələrinə, Türkiyəyə, daha sonra isə Avropa İttifaqı ölkələrinə çatdırılmasını təmin edə biləcək”.
Nazir müavini qeyd edib ki, bu layihə regionlararası əlaqələrin gücləndirilməsinə imkan yaradacaq və bu da Mərkəzi Asiya ölkələrinin nəqliyyat marşrutlarının şaxələndirilməsi və beynəlxalq nəqliyyat tranzit qovşağı rolunda regionların rəqabət qabiliyyətinin artırılması məqsədlərinə uyğundur.
“Bundan başqa, Qırğızıstan hazırda Orta Dəhlizin qolunu inkişaf etdirir. Layihə Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkmənbaşı limanı, Azərbaycan limanı, Türkiyə, Avropa və Həştərxan vilayətinin limanını əhatə edir”, - o əlavə edib.