İlham Əliyev: "Meliorasiya sahəsinə ayrılmış böyük vəsait artıq öz nəticəsini göstərir"

İlham Əliyev: "Meliorasiya sahəsinə ayrılmış böyük vəsait artıq öz nəticəsini göstərir" Azərbaycan Prezidenti: "Bu istiqamətdə işlər davam etdirilməlidir"
İnfrastruktur
29 Mart , 2017 00:14
İlham Əliyev: Meliorasiya sahəsinə ayrılmış böyük vəsait artıq öz nəticəsini göstərir

Bakı. 29 mart. REPORT.AZ/ "Pivot suvarma sistemləri ölkəmizə gətirilib. Əvvəlki illərdə bəzi rayonlarda bu sistemlərdən özəl qurumlar istifadə ediblər. Ancaq əlbəttə ki, onların sayı bizi qane edə bilməz".

"Report" xəbər verir ki, bu sözləri Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev yekun nitqində deyib.

Dövlət başçısı qeyd edib ki, ona görə, dövlət bu sahəyə də öz dəstəyini göstərməyə başlayıb: "Pivot sistemləri dünyada ən müasir və ən səmərəli suvarma sistemləridir. Pivot sistemləri məhsuldarlığı bir neçə dəfə artıra bilər. Bu sistemlərdən Azərbaycanda əlbəttə ki, təkcə pambıqçılıqda yox, başqa sahələrdə də istifadə olunur və olunacaq. Bu sistemlər böyük dönüş yaradacaq. Eyni torpaqda məhsuldarlıq artdıqca əlbəttə ki, həm fermerlər, həm də dövlət ancaq xeyir götürəcək.

Nəzərə alsaq ki, kənd təsərrüfatının inkişafı, xüsusilə suvarma, meliorasiya ilə bağlı bizim bundan sonra da böyük planlarımız olacaq və var, biz pivot suvarma sistemlərini Azərbaycanda özümüz istehsal etməliyik. Bilirəm ki, belə bir təşəbbüs artıq irəli sürülüb. Buna dəstək vermək lazımdır və dövlət qurumları dəstək versinlər ki, tezliklə biz özümüz özümüzü pivot sistemləri ilə təmin edə bilək".

Dövlət başçısı qeyd edib ki, bütövlükdə, əvvəlki illərdə və son illər ərzində meliorasiya sahəsinə ayrılmış böyük vəsait artıq öz nəticəsini göstərir: "Biz son illər ərzində 4 böyük su anbarını yaratdıq. Onlardan Taxtakörpü və Şəmkirçay ən böyük su hövzələridir. Göytəpə və Tovuzçay su anbarları da istifadəyə verilib və bunun nəticəsində on minlərlə yeni torpaqlar əkinə cəlb olunur. İndi bütün işlər görülür. Bu istiqamətdə işlər davam etdirilməlidir və suvarma ilə bağlı indi çox ciddi fəaliyyət proqramı hazırlanır. Əlbəttə ki, kanalların təmizlənməsi, yeni kanalların çəkilməsi, eyni zamanda, əkin sahələrində pivot sistemlərinin qurulması böyük məna daşıyır".

Son xəbərlər

Orphus sistemi