Bakı. 8 iyun. REPORT.AZ/ "İqtisadi müstəqillik olmadan biz siyasi müstəqilliyə nail ola bilməzdik. Əgər biz başqa ölkələrdən asılı olsaydıq və iqtisadi cəhətdən müstəqil olmasaydıq, müstəqil siyasət həyata keçirmək üçün imkanlarımız çox məhdud olardı. Bu səbəbdən də biz Azərbaycanın inkişafına böyük sərmayə yatırdıq".
"Report" xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda çıxışı zamanı bildirib.
O, Azərbaycanın Ermənistanla əldə olunan atəşkəs dövründən yararlandığını diqqətə çatdırıb:
"Biz Ermənistanla atəşkəs dövründən ölkəni inkişaf etdirmək üçün istifadə etdik və düşünürəm ki, çox yaxşı nəticələr əldə etdik. Hazırda Azərbaycan müasir, inkişaf edən, iqtisadi cəhətdən müstəqil, iqtisadiyyatı şaxələndirilmiş, qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə rəhbərlik edən və dünyada çox yaxşı nüfuza malik bir ölkədir".
Prezident, həmçinin xatırladıb ki, "BMT-nin üzvü olan 155 ölkə bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçib və bu, bizim etdiklərimizə verilən beynəlxalq dəstək və qiymətləndirmədir".