Hövsan Yaşayış Kompleksindən daha 490 mənzilin satışı başa çatdırılıb

Hövsan Yaşayış Kompleksindən daha 490 mənzilin satışı başa çatdırılıb Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 4 saylı binası üzrə 121, 5 saylı binası üzrə 260 və 6 saylı binası üzrə 93 mənzilin, ümumilikdə 501 mənzilin ipoteka kreditindən istifadə etməklə, hə
İnfrastruktur
18 Dekabr , 2020 16:38
Hövsan Yaşayış Kompleksindən daha 490 mənzilin satışı başa çatdırılıb

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 4 saylı binası üzrə 121, 5 saylı binası üzrə 260 və 6 saylı binası üzrə 93 mənzilin, ümumilikdə 501 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə bu gün saat 11:00-da başlanılıb və 490 mənzilin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) “Report”a verilən məlumata görə, qalan 11 mənzilin seçimi dekabrın 28-i saat 11:00-a qədər davam edəcək.

Ölkə Prezidentinin 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, satışa çıxarılan 501 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.

Bugünkü satış zamanı 501 mənzilin seçimində iştirak edənlərin sayı 847 nəfər olub. Bu saata olan məlumata görə seçilmiş 490 mənzilin 394-ü vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Mənzillərin seçimi prosesi MİDA-nın inzibati binasında xüsusi karantin rejimi qaydalarına uyğun yaradılmış operativ qərargahda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq, gözləmə qaydasında mənzillərin seçimi isə 22 dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcək.

Qaydaya əsasən, satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək.

Son xəbərlər

Orphus sistemi