Hacıqabul rayonunun Navahı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb

Hacıqabul rayonunun Navahı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb Ümumilikdə 5 rayonun 13 kənd və qəsəbəsində 30 km-dən çox su xətti çəkilib
İnfrastruktur
16 Yanvar , 2017 20:38
Hacıqabul rayonunun Navahı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu” ASC-yə daxil olan müraciətlər əsasında Hacıqabul rayonunun içməli su problemindən əziyyət çəkən Navahı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb.

ASC-nin mətbuat xidmətindən "Report"a verilən xəbər görə, qəsəbəyə içməli suyun verilməsi mərasimində Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əslan Səmədov bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən danışıb.

"Azərsu”nun “Birləşmiş Sukanal” MMC direktorunun müavini Ramin Sadıqov bildirib ki, kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə dövlət başçısının tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir: "Bir neçə il əvvəl Hacıqabul şəhərində yeni layihə icra edilib, şəhərdə uzun illər mövcud olmuş içməli su problemi həllini tapıb. Növbəti mərhələdə kənd və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulub. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu”ya daxil olan müraciətlər əsasında Hacıqabul rayonunun Navahı qəsəbəsində yeni layihənin icrasına başlanılmış və qısa müddətdə tikinti-quraşdırma işləri yekunlaşıb".

Hacıqabul rayonunun Navahı qəsəbəsini içməli su ilə təmin etmək üçün mənbə olaraq Kür-Bakı su kəməri seçilib. Bu kəmərdən Navahı qəsəbəsinə müxtəlif diametrli polietilen borularla 2,4 km magistral su xətti çəkilib. Eyni zamanda qəsəbə daxilində 5 km yeni su şəbəkəsi yaradılıb, 300-ə yaxın ünvana birləşmə verilib. Bununla da, 2300 nəfər əhalisi olan qəsəbənin içməli su təchizatı yaxşılaşdırılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu”ya bölgələrdən daxil olan müraciətlər əsasında 5 rayonda 13 kəndin içməli su təchizatının yaxşılaşdırılması Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Planına daxil edilib və həmin kəndlərdə layihələrin həyata keçirilməsinə başlanılıb. Xaçmaz rayonunun Qaradağlı, Alıcqışlaq, Çiləgir, Manaf-Oba, Seyidlər, Aşağı Ləgər və Gülalan, Ağsu rayonunun Elabad və Yenilik, Şabran rayonunun Təzəkənd və Dəvəçi, İsmayıllı rayonunun Kürdmaşı kəndlərində həyata keçirilən layihələr çərçivəsində həmin yaşayış məntəqələrində yeni içməli su təchizatı sistemləri yaradılıb. Ümumilikdə 5 rayonun 13 kənd və qəsəbəsində 30 km-dən artıq su xətti çəkilib. Bu layihələrdən həmin yaşayış məntəqələrinin 10 mindən çox sakin faydalanıb.

Son xəbərlər

Orphus sistemi