“Azərsu” ASC daxili imkanları hesabına Goranboy rayonunun Abbasqulular kəndində içməli su layihəsinin icrasını yekunlaşdırıb.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, səhmdar cəmiyyətinin 7 saylı Regional Sukanal İdarəsinin, Goranboy Rayon İcra Hakimiyyətinin və kənd sakinlərinin iştirakı ilə yeni su təchizatı sistemlərinin istismara verilməsi mərasimi keçirilib. Tədbirdə kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə dövlət investisiyaları və daxili imkanlar hesabına həyata keçirilən layihələrin əhəmiyyətindən danışılıb.
Qeyd olunub ki, 2017-ci ilədək Abbasqulular kəndində içməli su təchizatı sistemləri mövcud olmayıb. Sakinlər suyu uzaq məsafədən daşıyır və ya maşınlarla alırdılar. "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" ölkə Prezidentinin sərəncamına uyğun olaraq 2017-ci ildə Goranboy rayonunun Veyisli və Abbasqulular kəndləri, həmçinin Veyisli məcburi köçkün qəsəbəsində içməli su layihəsi həyata keçirilib. Layihə çərçivəsində Ballıqaya-Goranboy xəttindən kəndlərə 9 km uzunluğunda magistral su kəmərləri çəkilib. Abbasqulular kəndində 1,6 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılıb və əhalinin ümumi istifadəsi üçün 8 ədəd bulaq quraşdırılıb.
Kəndin içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədilə sakinlərin müraciəti əsasında yeni layihə icra edilib. Layihə çərçivəsində 4 km uzunluğunda mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb və 116 yaşayış evinin hər birinə birləşmə verilərək sayğaclar quraşdırılıb. Layihənin icrası nəticəsində Abbasqulular kəndinin 500-dək sakininin mərkəzləşdirilmiş qaydada içməli su təchizatı həyata keçirilib. Bununla da kənd əhalisi dayanıqlı içməli su ilə təmin edilib, onların sosial-məişət şəraiti yaxşılaşdırılıb. Eyni zamanda su itkilərinin qarşısı alınıb, sudan səmərəli və qənaətlə istifadə təmin edilib.