Bakı. 28 avqust. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin elan etdiyi “Gəncə Mənzil Tikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi müəyyənləşib.
Komitədən "Report"a verilən xəbərə görə, müsabiqənin şərtlərinə müvafiq olaraq, qalib şəxs dövlət büdcəsinə 500 min manat məbləğində vəsaitinin köçürülməsini təmin edib. Habelə İnvestisiya Proqramına əsasən, 18 ay ərzində müəssisəyə 844 min manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb. Nəzərdə tutulan investisiya qoyuluşları müəssisənin ərazisindəki yararsız və qəzalı vəziyyətdə olan tikililərin demontajına, istehsal korpusları və inzibati binada yenidənqurma və təmir işlərinin aparılmasına, xırdalanmış mərmər ovuntuları sexinin qurulmasına yönəldiləcək. Habelə həmin investisiyalar taxıl (silos) və logistika anbarlarının qurulmasına, avadanlıq, texnika, maşın-mexanizm və xammalın alınmasına xərclənəcək. Eyni zamanda nəzərdə tutulan investisiyalar müəssisənin infrastruktur təminatının yaxşılaşdırılması (işıq, su və s.) və ərazinin abadlaşdırılmasına sərf ediləcək.
Görüləcək işlər nəticəsində müəssisədə 70 yeni iş yerinin yaradılması nəzərdə tutulur.