Gəmiçiliyin təchizat-yedək gəmisi əsaslı təmir olunub

Gəmiçiliyin təchizat-yedək gəmisi əsaslı təmir olunub Bakı. 1 mart. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Andoqa” təchizat-yedək gəmisi əsaslı təmir olunub.
İnfrastruktur
1 Mart , 2018 15:16
Gəmiçiliyin təchizat-yedək gəmisi əsaslı təmir olunub

Bakı. 1 mart. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Andoqa” təchizat-yedək gəmisi əsaslı təmir olunub.

Gəmiçilikdən “Report”a verilən məlumata görə, təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb.

 Bildirilib ki, gəminin baş mühərrikləri, əsas və ehtiyat nasosları, boru sistemləri, energetik qurğuları və idarəetmə avadanlıqları, sükan və köməkçi sükan qurğusu təmir olunub.

Gəmidə iki ədəd yeni köməkçi dizel mühərrik quraşdırılıb, gövdəsinin yararsız hissələri dəyişdirilib, baş göyərtənin taxta örtüyü təzələnib, işıqlandırma sistemi yeniləri ilə əvəzlənib.

Bundan başqa, işçi heyətin yaşayış kayutlarında, sanitar qovşaqlarda və yeməkxanada da təmir işləri aparılıb.

Təmir çərçivəsində “Andoqa”nın sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gəmi sahil və dəniz sınağından uğurla keçib.

“Andoqa” təchizat-yedək gəmisi dənizdə neft-qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında istismar olunur. Uzunluğu 67,58 metr, eni 13,8 metr olan gəmi “Wartsila” firmasının istehsalı olan 2 ədəd 9R32 tipli, 2х3915 at gücünə malik mühərriklərlə təchiz edilib.

Son xəbərlər

Orphus sistemi