​Gədəbəydə 11 mindən çox sakin su ilə təmin olunub

​Gədəbəydə 11 mindən çox sakin su ilə təmin olunub Layihənin icrasının 2016-cı ilin sonunda başa çatdırılması nəzərdə tutulur
İnfrastruktur
26 Dekabr , 2014 15:51
​Gədəbəydə 11 mindən çox sakin su ilə təmin olunub

Bakı. 26 dekabr. REPORT.AZ/ “Azərsu” Açıq Səhmdar Cəmiyyəti daha bir beynəlxalq maliyyə qurumu ilə su və kanalizasiya layihələrinin icrasına başlayıb. Bu barədə "Report"a "Azərsu" ASC-dən məlumat verilib.

Azərbaycan hökumətinin İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanılması münasibətilə təməlqoyma mərasimi keçirilib.

Təməlqoyma mərasimində çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov ölkə rəhbərliyi tərəfindən regionların inkişafına böyük diqqət göstərildiyinin bildirib.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur və bu işlər rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir: “Ölkə başçısının respublikanın hər bir şəhər və kəndinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Bu gün təməlini qoyduğumuz layihəni də nəzərə alsaq, 39-cu şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icra olunur. Layihənin keyfiyyətli icrasını təmin etmək üçün yeni texnologiyalardan və avadanlıqlardan istifadə olunacaq. Ümidvaram ki, tikinti işləri qısa müddətdə və keyfiyyətlə icra ediləcəkdir”.

İslam İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Tamerlan Tağıyev təmsil etdiyi maliyyə qurumunun Gədəbəy, Astara, Daşkəsən, Qazax, Samux və Tərtər şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulmasına 200 milyon dollar kredit ayırdığını və 2015-ci ildə daha bir neçə şəhərdə işlərə bağlanılacağını diqqətə çatdırıb.

“Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy şəhərində 11500 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun 5 kəndinin (Yenikənd, Düzyurd, Arıqdam, Söyüdlü, Qaradağ) 12 min sakini də bu layihə çərçivəsində içməli su ilə təmin olunacaq. Ümumilikdə layihədən 23 mindən artıq insan faydalanacaq.

İstehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə su mənbəyi Südlübulaq seçilib. Layihəyə uyğun olaraq su mənbəyindən şəhərə 14,8 km uzunluğunda magistral su kəməri çəkiləcək, şəhərin relyef baxımından hündür nöqtələrində ümumi tutumu 5500 kubmetr olan 7 ədəd anbar tikiləcək. Şəhər ərazisində 79,4 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq, 2560 ünvana ev birləşmələri veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq.

Layihə çərçivəsində ilk dəfə Gədəbəy şəhərində kanalizasiya şəbəkəsi yaradılacaq. Şəhərdə yaranan tullantı sularının idarə edilməsi üçün 66,2 km uzunluğunda kanalizasiya şəbəkəsi, 1,5 km uzunluğunda kanalizasiya kollektoru, 2050 ədəd kanalizasiya quyusu tikiləcək. Şəhərdə yaranacaq tullantı sularının təmizlənməsi üçün məhsuldarlığı sutkada 3500 kubmetr olan çirkab sutəmizləyici qurğu layihələndirilib.

Layihənin icrasının 2016-cı ilin sonunda başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi" çərçivəsində Gədəbəy şəhəri ilə yanaşı, Astara, Daşkəsən, Qazax, Samux və Tərtər şəhərlərinin də su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi