Füzuli aeroportunda əsas işlər bu ilin sonuna qədər başa çatdırılacaq

Füzuli aeroportunda əsas işlər bu ilin sonuna qədər başa çatdırılacaq Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolağının tikintisi bu sahədə böyük təcrübəsi olan "AzVirt" MMC-yə həvalə olunub.
İnfrastruktur
1 Fevral , 2021 12:40
Füzuli aeroportunda əsas işlər bu ilin sonuna qədər başa çatdırılacaq

Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolağının tikintisi bu sahədə böyük təcrübəsi olan "AzVirt" MMC-yə həvalə olunub.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Etibar Hüseynov bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna kimi uçuş-enmə zolağı, eləcə də perron istifadəyə veriləcək.

Podratçı şirkətin baş mühəndisi Cəfərağa Şiriyev isə bildirib ki, bütün tikinti işləri gələn ilin aprel-may aylarında başa çatdırılacaq: "Bildiyiniz kimi burada əvvəllər hava limanı olub və məlum hadisələrdən sonra öz fəaliyyətini dayandırıb. İşləyən aeroportun uçuş-enmə zolağının uzunluğu 1 600 metr olub. Amma biz yeni hava limanının tikintisinə başlamışıq ki, bunun da uçuş-enmə zolağının uzunluğu 3 000 metr olacaq. Çalışacağıq ki, prezidentin göstərişini layiqincə yerinə yetirək və ilin sonuna qədər uçuş-enmə zolağını istifadəyə verək. Təxminən 1 aya qədərdir ki, uçuş-enmə zolağının tikintisinə başlamışıq. Ərazi minalandığı üçün tikintinin sürət tempini tam gücləndirə bilmirik. Hazırda minalardan təmizlənmə gedir və biz də öz işimizi ona uyğun qururuq. Tikintinin daha yüksək sürətlə aparılması və qoyulan tapşırıqların vaxtında yerinə yetirilməsi üçün biz 2 müasir tipli asfalt-beton qurğusu almışıq. Hazırda onlar bazada qurulur. Həmçinin 3 doğrayıcı-çeşidləyici qurğu da inşa olunur. Bir ədəd beton zavod, 1 ədəd qarışdırıcı mexaniki qurğu tərəfimizdən inşa olunur. İşin təşkili maksimum sürətlə davam edəcək. Planlaşdırırıq ki, yazdan sonra işimizi 24 saatlıq iş rejimində təşkil edək. Bu il üzrə uçuş-enmə zolağının təhvil verilməsini planlaşdırırıq. Bütün tikinti işləri gələn ilin aprel-may aylarında başa çatdırılacaq".

Son xəbərlər

Orphus sistemi