FAO: Su təminatının yaxşılaşdırılması məqsədilə layihənin icrasına başlanılır

FAO: Su təminatının yaxşılaşdırılması məqsədilə layihənin icrasına başlanılır Azərbaycanda illik su ehtiyyatları balansının cəmi 30 faizi ölkə ərazisində 70 faizi isə ölkə xaricində formalaşır
İnfrastruktur
140
5 May , 2021 15:35
FAO: Su təminatının yaxşılaşdırılması məqsədilə layihənin icrasına başlanılır

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) birgə "Azərbaycanda təkmilləşdirilmiş su idarəçiliyi: Kənd Təsərrüfatının Davamlı İnkişafına Doğru" layihəsinin təqdimat görüşü baş tutub.

Bu barədə “Report”a FAO-dan bildirilib.

Layihənin əsas məqsədi Azərbaycanda su ehtiyatlarının idarə olunması üçün təhlil, planlaşdırma və koordinasiya sahəsində milli imkanları gücləndirməkdir.

Kəskin iqlim dəyişikliyi, təbii ehtiyatların azalmaq təhlükəsi ilə üz üzə qaldığı, quraqlıq və kəskin su çatışmazlığı kimi təbii fəlakətlərə üzləşdiyimiz dünyada mövcud su ehtiyatlarının səmərəli idarə olunması və bununla da qida təhlükəsizliyinə nail olmağımız olduqca vacib məsələdir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAO-nun birgə həyata keçirəcəyi layihə kənd təsərrüfatında məhsuldarlığı və ərzaq təhlükəsizliyini təmin etmək, torpaq və su ehtiyatlarının qorunmasını artırmaq və kənd təsərrüfatının iqlim dəyişikliyinə təsirinə qarşı davamlılığının artırılmasını hədəfləyir.

Tədbirin açılış mərasimində çıxış edən FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak deyib ki, iqlim dəyişikliyi, əhali artımı, kənd təsərrüfatında suvarılan ərazilərin miqyasının genişlənməsi və sənayeləşmə su ehtiyatlarının azalmasına gətirib çıxarır: "Bu layihə çərçivəsində suyun dayanıqlı şəkildə idarə olunması və sudan istifadə mexanizmlərinin təşviq edilməsi istiqamətində Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edəcəyik”.

Kənd Təsərrüfatı Nazirinin müavini Sərvan Cəfərov deyib ki, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi ilə bağlı qonşu ölkələrdən daxil olan yer üstü su ehtiyyatlarının və yağıntılarının azalması, ölkənin şirin su ehtiyyatlarının azlığı və suya tələbatın artması ölkənin su təhlükəsizliyin təmin edilməsi istiqamətində təxirə salınmaz tədbirlərin həyata keçirilməsini aktuallaşdırır: "Azərbaycanda illik su ehtiyyatları balansının cəmi 30 faizi ölkə ərazisində 70 faizi isə ölkə xaricində formalaşır”.

Tədbirdə çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev layihənin xüsusi rolunu vurğulayaraq su ehtiyyatlarının düzgün idarə edilməsini və strateji planlaşdırmanın əhəmiyyətinə diqqət çəkib: “Əgər su olmazsa kənd təsərrüfatında nəticənin əldə olunması mümkün ola bilməz” .

Layihənin ilkin seminarında, nazirliklər, milli və beynəlxalq təşkilatlar da daxil olmaqla bütün maraqlı tərəflər bir araya gələrək məqsəd və gələcək fəaliyyətləri müzakirə etdilər, tədbir daha sonra iştirakçıların müzakirəsi formasında davam edib.

Son xəbərlər

Orphus sistemi