Ermənistan Londonda Orta Dəhlizə dair keçiriləcək konfransa dəvət olunub

Ermənistan Londonda Orta Dəhlizə dair keçiriləcək konfransa dəvət olunub İyunun 11-də Londonda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) layihəsi üzrə konfrans keçiriləcək.
İnfrastruktur
31 may 2024 08:13
Ermənistan Londonda Orta Dəhlizə dair keçiriləcək konfransa dəvət olunub

İyunun 11-də Londonda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) layihəsi üzrə konfrans keçiriləcək.

“Report” bu barədə tədbirin təşkilatçısı olan Xəzər Siyasət Mərkəzinə (Caspian Policy Center, CPC) istinadən xəbər verir.

Konfrans Azərbaycan, Qazaxıstan, Gürcüstan, Ermənistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Türkiyənin Böyük Britaniyadakı səfirlərinin iştirakı ilə keçiriləcək.

“Orta Dəhlizin potensial kommersiya və sosial-iqtisadi faydalarını maksimum dərəcədə artırmaq üçün region ölkələri bir-biri ilə və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq etməlidir. İnfrastrukturun təkmilləşdirilməsi inkişaf baxımından ilkin olaraq səmərəli, davamlı və əsaslı olmalıdır. Bu konfransla dəhliz boyu biznesin əlaqələndirilməsi, prioritetləşdirilməsi və səmərəli aparılması yolları araşdırılacaq”, - məlumatda qeyd edilib.

Bildirilib ki, tədbirdə xüsusilə, Xəzər regionunda biznesin aparılması üçün institusional maneələrin aradan qaldırılması və Orta Dəhliz çərçivəsində biznes imkanlarının genişləndirilməsi istiqamətində addımlar müzakirə olunacaq.

Bundan başqa, konfrans panellərindən biri Orta Dəhliz infrastrukturunun maliyyələşdirilməsinə həsr olunacaq. Onun işində Avropa Yenidənqurma və İnkişaf Bankının, Dünya Bankının, “UK Export Finance”, “TheCityUK” və digər şirkət və maliyyə institutlarının nümayəndələri iştirak edəcək.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

Son xəbərlər

Orphus sistemi