Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ölkələr arasında iqtisadi və digər sahələrdə əlaqələrin möhkəmlənməsinə və genişlənməsinə müsbət təsir göstərəcək.
“Report” xəbər verir ki, bunu BTQ-nin Bakıda keçirilən rəsmi açılış mərasimində çıxış edən Özbəkistanın baş naziri Abdulla Aripov deyib.
Türkiyənin baş naziri Binəli Yıldırım isə göndərdiyi məktubda bildirib ki, BTQ təkcə iqtisadi deyil, həm də mədəni əlaqələrin möhkəmlənməsi üçün stimul olacaq.
Daha sonra isə mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
R.T.Ərdoğan deyib ki, BTQ-nin açılış mərasimində iştirak etməkdən məmnundur: “BTQ-nin işə düşməsi ilə Orta dəhliz layihəsinin əsas hissəsi tamamlanır. Beləliklə, Londondan Çinə kəsintisiz dəmiryolu bağlantısının qurulduğunu elan edirik. Bu gün açılış mərasimi keçirilən BTQ yükdaşımalarda xərcləri önəmli miqdarda azaldacaq. Bu layihə hamımızın ortaq zəhmətidir. Azərbaycanlı qardaşlarım “Zəhmətlə yeyilən soğan, minnətlə yeyilən baldan şirindir” deyirlər.Bu layihə zəhmətlə, alın təri ilə həyata keçirildiyi üçün çox qiymətlidir. BTQ-nin xalqlar üçün xeyirli olmasını arzulayıram".
Dövlət başçısı qeyd edib ki, BTQ ilə 1 mln. sərnişin və 6,5 mln. ton yük daşınması gözlənilir: “2034-cu ildən isə daşımalar 3 mln. sərnişin, 17 mln. ton yükə çatacaq. Bu layihə ən avantajlı imkanları təqdim edəcək. Çindən gələn yük 12-15 günə Avropa İttifaqı ölkələrinə çatacaq. Hazırda Çindən Avropaya daşınan yükün miqdarı 240 mln. tondur. Bu həcmin 10%-nin ortaq dəhlizlə daşınması belə, 24 mln. ton yük deməkdir”.