"Əmlakın qeydiyyatı kalkulyatoru" istifadəyə verilib

"Əmlakın qeydiyyatı kalkulyatoru" istifadəyə verilib "Əmlak kalkulyatoru" Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində yaradılıb
İnfrastruktur
12 Yanvar , 2017 12:56
Əmlakın qeydiyyatı kalkulyatoru istifadəyə verilib

Bakı. 12 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün daşınmaz əmlakın qeydiyyatında növbəti yenilik olan “Əmlakın qeydiyyatı kalkulyatoru”nu vətəndaşların istifadəsinə verilməsi ilə bağlı təqdimat keçirib.

“Report”un xəbərinə görə, bu yeniliyin məqsədi qeydiyyat xidmətlərində şəffaflığın, maarifləndirmənin daha da artırılması və rahatlığın təmin edilməsidir.

Komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, ƏMDK-nin rəsmi internet səhifəsində yaradılan “Əmlak kalkulyatoru” sayəsində ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı qeydiyyat xidmətlərinə dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya biləcəklər: "Bu daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. Vətəndaşlar sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət edəcəklər. Məbləğin əvvəlcədən dəqiq bilinməsi istifadəçilərin özləri üçün ən optimal variantı seçməsi və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Bu yenilik vətəndaşa rahat və operativ qaydada əmlakına çıxarış almağa, habelə əmlakla bağlı digər hüquqi əməliyyatları aparmağa daha rasional imkanlar yaradır". 

Onun sözlərinə görə, bügunədək aparılan islahatlar və tətbiq edilən yeniliklər sayəsində əmlakın qeydiyyatı xeyli sadələşib: "Hazırda tətbiq olunan "bir pəncərə" prinsipi sayəsində fiziki və hüquqi şəxslər öz əmlaklarını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməklə rahatlıqla sənədləşdirirlər. Komitənin “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləri sayəsində hətta ən ucqar kəndlərdə, qəsəbələrdə belə qeydiyyat xidmətləri vətəndaşlara əlçatan olub".

Sonra tədbirdə “Əmlakın qeydiyyatı kalkulyatoru”ndan istifadə qaydaları, üstünlükləri və faydaları barədə təqdimat olub və əyani nümayiş etdirilib. Yeni funksiya Komitənin daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərdiyi bütün xidmətlərini əhatə edir. "Əmlakın qeydiyyatı kalkulyatoru” sadə və məntiqi tərtib edildiyindən ondan istifadə qaydaları çox sadə və anlaşılandır. Bura mənzilin, fərdi evin, torpaq sahələrinin qeydiyyatı ilə bağlı çıxarışın alınması, texniki pasportun əldə olunması, əmlakla bağlı sadə və məhdudlaşdırıcı arayışlar, əmlakın qabaqcadan qeydiyyatı, yüklülükdən azad etmə, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi xidmətləri aiddir. Daşınmaz əmlakların ilkin qeydiyyatı, alqı-satqısı, bağışlanma, dublikatın verilməsi, texniki pasportların və plan ölçülərin alınması zamanı tələb olunan dövlət rüsumu və xidmət haqqıelektron qaydada hesablanır. Hesablanmadan əvvəl istifadəçi əmlakın yerləşməsi və sahəsini də qeyd edir. Bu xüsusiyyətlər də nəzərə alınmaqla yekun rəqəm göstərilir. Eyni zamanda bütün əməliyyatların vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydası ilə aparılması və sənədlərin hazırlanması ilə bağlı da hesablama imkanları var.

Son xəbərlər

Orphus sistemi