Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Şabranda vətəndaşlarla görüşüb

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Şabranda vətəndaşlarla görüşüb Qəbulda Şabran və Siyəzən rayonlarının sakinləri iştirak ediblər
İnfrastruktur
25 Avqust , 2017 16:19
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Şabranda vətəndaşlarla görüşüb
Emdk.gov.az

Bakı. 25 avqust. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Şabranda vətəndaş qəbulu keçirib. Komitədən "Report"a daxil olan məlumata görə, qəbulda Şabran ilə yanaşı, Siyəzən rayonundan olan vətəndaşlar iştirak ediblər.

Qəbulda iştirak edən vətəndaşlar daşınmaz əmlakın sənədləşdirilməsi, o cümlədən əmlaka çıxarış, texniki pasport və digər sənədlərin alınması, dövlət mülkiyyətində olan əmlakın icarəsi və özəlləşdirilməsi ilə bağlı müxtəlif səpkili müraciətlərini səsləndiriblər. Müraciət edənlərin bir qismi onlara məxsus fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi, pay torpağı və mənzillərin qeydiyyatı, torpaq sərhədlərinin müəyyən edilməsi ilə bağlı məsələlərini bildiriblər.

Bəzi müraciətlər torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların icarəyə (istifadəyə) verilməsi zamanı komitədən rəylərin alınması məsələləri barədə olub. Vətəndaşlara bildirilib ki, torpaqların icarəyə (istifadəyə) verilməsi yalnız Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi ilə mümkündür.

Komitə sədri torpaqların təyinatı ilə bağlı tələblərə riayət olunmasının vacibliyini diqqətə çatdırıb. Təyinatına uyğun olmadan istifadə edilən torpaq sahələrinin sonradan sənədləşmə prosesi də çətinləşir. Bildirilib ki, bir çox hallarda kənd təsərrüfatı məqsədli torpaqların təyinatı dəyişdirilir və ya tamamilə istifadəsiz saxlanılır. Qeyd olunub ki, torpaqların istifadəsi ilə bağlı hüquqi tələblər gözlənilməlidir, kənd təsərrüfatı torpaqları təyinatına uyğun istifadəyə qaytarılmalıdır. Torpaqların hüquqi rejiminə və kateqoriyasına uyğun istifadəsi son nəticədə həm vətəndaşların, həm də dövlətin mülkiyyət mənafelərinə xidmət edir. Məqsədli istifadəyə riayət olunması torpaqların iqtisadi dövriyyəsini və səmərəsini artırır, torpaq münbitliyinin korlanması və meydana çıxa biləcək hüquqi mübahisələrin qarşısını alır.

Komitə sədri bir sıra müraciətlərin dərhal həlli üçün tapşırıq verib. Eyni zamanda bir sıra müraciət araşdırma tələb etdiyi üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi