Elxan Əsədov: "Azərbaycanın tikinti sektorunu böyük inkişaf gözləyir"

Elxan Əsədov: "Azərbaycanın tikinti sektorunu böyük inkişaf gözləyir" Dövlət Agentliyinin rəis müavini: "Yerli və xarici şirkətləri gələcək işlərə indidən hazırlaşmağı tövsiyə edirəm"
İnfrastruktur
19 Oktyabr , 2016 13:17
Elxan Əsədov: Azərbaycanın tikinti sektorunu böyük inkişaf gözləyir

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Dövlət başçısı İlham Əliyevin ardıcıl fəaliyyəti nəticəsində Azərbaycanın işğalda olan torpaqlarının azad olunması üçün böyük ümidlər yaranıb. Qarşıdakı illərdə Azərbaycanın işğaldan azad olunacaq torpaqlarının da bərpası üzrə inşaatçıları böyük işlər gözləyir".

"Report" xəbər verir ki, bunu bu gün Bakıda işə başlayan XXII Beynəlxalq İnşaat Sərgisinin açılış mərasimində Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib. 

"Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dünya iqtisadi böhranına baxmayaraq, Azərbaycanda sosial sahələrdə dövlət investisiyaları azaldılmayacaq. Bunları nəzərə alaraq, Azərbaycanda qarşıdakı illərdə tikinti sektorunu böyük inkişaf gözləyir. Buna görə də yerli və xarici şirkətləri gələcək işlərə indidən hazırlaşmağı tövsiyə edirəm. Məsələ burasındadır ki, yeni ərazilərin azad edilməsi, sosial yaşayışın, infrastrukturun yaradılması, sosial evlərin tikilməsi böyük iqtisadi məsələdir və əsasən sosial məqsədlərə yönəldiyindən daha ucuz inşaat materialları və texnologiyalarından istifadə etmək tələb olunur", - deyə o, qeyd edib. 

E.Əsədov yerli şirkətləri daha fəal olmağa və daxili bazarın xarici idxaldan asılılıqdan azalmağa səsləyib. 

Qeyd edək ki, 26 ölkədən təxminən 300 şirkətin qatıldığı Beynəlxalq İnşaat Sərgisi oktyabrın 22-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi