Biləsuvar. 18 iyul. REPORT.AZ/ Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsindəki Mahmudçala gölü yaxınlığında yerləşən körpüdən istifadə tamamilə məhdudlaşdırılıb.
"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin "Report"a verdiyi məlumata görə, hazırda körpünün bərpasına başlanılıb: "Sürücülər alternativ yoldan istifadə edirlər.
Bu körpü 1973-cü ildən istifadə edilir. Körpü tikiləndə ağır tonnajlı yük maşınları üçün hesablanmayıb. İntensiv hərəkət olduğu üçün körpüdə çökmə baş verib".
Qeyd edək ki, bir neçə gün öncə Ələt-Astara magistral yolunun Biləsuvar ərazisindən keçən hissəsindəki Mahmudçala gölünün yaxınlığındakı şor kollektorun üzərindəki körpünün bir hissəsi çöküb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində çətinlik meydana gəlib.