Bakı. 7 iyul. REPORT.AZ/ Ələt-Astara istiqamətində yeni yolun əsas hissəsinin tikintisi yekunlaşır. Hazırda Yenikənd-Salyan-Şorsulu, Cəlilabad-Masallı və Masallı-Astara hissələri üzrə son tamamlanma işləri həyata keçirilir.
“Report” bu barədə “Azəravtoyol” ASC-yə istinadən xəbər verir.
Ələt-Astara-İran sərhədi avtomobil yolunun 31-ci km-dən başlayaraq Astara şəhərinədək inşa olunan yeni yolun uzunluğu 174 km-dir. Layihə çərçivəsində yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir.
Avtomobil yolu bir-neçə hissə üzrə- Yenikənd-Salyan-Şorsulu (31-80.6 km), Şorsulu-Cəlilabad ( 80.6-110.7 km), Cəlilabad-Masallı ( 110.7-142.9 km), Masallı-Astara (142.9-205 km) inşa olunur.
30.1 km-lik Şorsulu-Cəlilabad hissəsi istisna olmaqla tikinti işləri tam olaraq bu ilin sonu gələn-ilin əvvəlində yekunlaşdırılacaq. Bu hissələr üzrə yerinə yetirilmiş iş həcmi ümumilikdə 90 % təşkil edir. Yolun 80.6-110.7-ci km-lik hissəsini əhatə edən Şorsulu-Cəlilabad hissəsində tikinti işlərinə ötən il başlanılıb və 2019-cu ildə yekunlaşdırılması nəzərdə tutulub. Bu hissədə faktiki tərəqqi 50%-dir.
Yeni Ələt-Astara avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yol boyu 692 dairəvi və düzbucaqlı su keçidinin, 69 yeraltı keçidin, 47 körpünün və 3 qovşağın tikintisi nəzərdə tutulub ki, sadalanan əksər mühəndisi qurğu artıq tikilərək istifadəyə tam hazır vəziyyətə gətirilib.
Hazırda Yenikənd-Salyan-Şorsulu, Cəlilabad-Masallı və Masallı-Astara hissələri üzrə son tamamlanma işləri həyata keçirilir. Yolun Yenikənd-Salyan-Şorsulu hissəsində asfalt-beton örtüyünün döşənməsi, boruların uzadılması və yamaclarının dəmir-betonla bərkidilməsi, alt keçidlərin əks-dolğusu, yamaclara münbit torpaın verilməsi və ayrıcı zolaqda dəmir-beton baryerlərin qoyulması işləri aparılır.
Cəlilabad-Masallı və Masallı-Astara hissələrində isə asfalt-beton örtüyünün son qatının döşənməsi, körpülərdə tamamlanma, boruların tikintisi və mühafizəsi, çəpər çəkmə və baryerlərin qoyulması, yolun işıqlandırılması işləri görülür. Sadalanan işlər bitdikdən sonra yolun nişanlanması və işarələnməsi işlərinə başlanılacaq.
Qeyd edək ki, hazırda mövcud olan Ələt-Astara–İranla dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 km təşkil edir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38 km qısalaraq 205 km olacaq.