Ekspert koronavirusun beynəlxalq avtomobil yükdaşımalarına təsirlərini açıqladı

Ekspert koronavirusun beynəlxalq avtomobil yükdaşımalarına təsirlərini açıqladı Koronavirus pandemiyası dünya iqtisadiyyatı üçün ciddi fəsadlar yaradır. Dünyanın ən iri ixracatçısı olan Çində iqtisadi aktivlik yarım əsrdə ilk dəfə azalıb. Avropa İttifaqı yarandığı vaxtdan bu günədək ən ciddi eniş yaşayıb. Dünyanın ən iri iqtisadiyyatına malik ABŞ-ın tarixində isə onillik iqtisadi artım dövrü sona çatdı. Bu ölkədəki işsizlik səviyyəsi böyük böhrandan bu yana ən yüksək həddə çatıb. Koronavirus faktiki olaraq daha əvvəlki böhrandan sonrakı bərpa dövrünün qarşısını aldı.
İnfrastruktur
10 İyun , 2020 09:30
Ekspert koronavirusun beynəlxalq avtomobil yükdaşımalarına təsirlərini açıqladı

Koronavirus pandemiyası dünya iqtisadiyyatı üçün ciddi fəsadlar yaradır. Dünyanın ən iri ixracatçısı olan Çində iqtisadi aktivlik yarım əsrdə ilk dəfə azalıb. Avropa İttifaqı yarandığı vaxtdan bu günədək ən ciddi eniş yaşayıb. Dünyanın ən iri iqtisadiyyatına malik ABŞ-ın tarixində isə onillik iqtisadi artım dövrü sona çatdı. Bu ölkədəki işsizlik səviyyəsi böyük böhrandan bu yana ən yüksək həddə çatıb. Koronavirus faktiki olaraq daha əvvəlki böhrandan sonrakı bərpa dövrünün qarşısını aldı.

Belə olan halda mövcud durum beynəlxalq avtomobil yükdaşımaları ilə məşğul olan nəqliyyat və logistika şirkətlərinə necə təsir edib?

Nəqliyyat və logistika sferasında fəaliyyət göstərən “ScanEX Enterprises Limited” şirkətinin direktoru Kənan Sadıqlı "Report"a bildirib ki, pandemiya ilə əlaqədar olaraq istehsalın dayanması və ayrı-ayrı əmtəələr üzrə ticarət aktivliyinin aşağı düşməsi yük axınlarına bilavasitə təsir göstərib.

Onun sözlərinə görə, iri istehsalat müəssisələrinin məcburi qaydada tətillərə getməsi istehsalçı və istehlakçılar arasında illərlə formalaşan təchizat zəncirinin dayanmasına səbəb oldu:

Kənan Sadıqlı
Kənan Sadıqlı

"Bir çox müəssisənin və fabrikin bağlanması və alıcılıq qabiliyyətinin aşağı düşməsi səbəbindən yükdaşımaların ümumi həcmi aşağı düşdü. Koronavirus pandemiyasının başlaması və sərhədlərin bağlanması ilə əlaqədar olaraq nəqliyyat və logistika şirkətləri öz işlərini dəyişən duruma uyğun olaraq yenidən qurmaq məcburiyyətində qaldı. Belə ki, hər bir ölkə təhlükəsizliyini təmin etmək istəyirdi. Daha əvvəl olmayan yerlərdə sərhədlər yarandı. Yük avtomobilləri və onların heyətinə münasibətdə xüsusi tələblər və əlavə təhlükəsizlik tədbirləri həyata keçirildi. Avropa məkanında avtomobil daşımaları üçün xüsusi buraxılış məntəqələri quraşdırıldı, xüsusi marşrutlar ayrıldı, tranzit avtomobilin ölkə ərazisində qalması müəyyən vaxtla məhdudlaşdırıldı. Sərhəddi keçərkən sürücülərin hərarəti ölçülür. Onlar istirahət və qidalanma üçün ancaq xüsusi müəyyən olunmuş yerlərdə dayana bilirdilər. Sürücülər qapalı olan ölkələrdən yan keçməli olurdular və bu da xeyli sayda nəqliyyat vasitələrinin sərhəddə yığılmasına və tıxacların yaranmasına səbəb oldu. Avropa İttifaqı ölkələri sərhədlərini bağlayandan sonra yük nəqliyyatının buraxılış və tranzit məntəqələrindən keçmə vaxtı 1-3 gün artdı”.

Ekspertin fikrincə, sektorun əsas problemi təchizatın yubanması ilə bağlı ciddi problemlərin yaranması ilə əlaqədar olub: "Çatdırılma ilə bağlı problemlər yük sahiblərinin gəlirlərinə ciddi təsir edir. Bu zaman ekspeditor şirkətlərinə qarşı tələblər artır. Müştəri yüklərin daşınmasının alternativ vasitələrinin təşkil olunmasını tələb edə bilər. Bu isə öz növbəsində daha baha başa gələ və az təhlükəsiz ola bilər. Yükün hazırlanması, qablaşdırılması, yüklənməsindən tutmuş, sənədlərin rəsmiləşdirilməsinədək, bütün mərhələlərdə insanların iştirakı qaçılmazdır. Sərt karantin rejimi şəraitində bütün bu proseslərdə yüksək təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi zərurəti yarandı. Bu da həmin proseslərə sərf olunan vaxtın və maliyyənin artması ilə müşayət olunurdu. Məhduduiyyətlə bağlı olaraq yükün götürülmə-çatdırılma günün və vaxtın razılaşdırılması üçün daha çox səy göstərilməli idi. Belə ki, bir çox müəssisə işin rejim və formasını dəyişdi. İşçilərin böyük hissəsi evdən çalışdı”.

O, rəhbərlik etdiyi şirkəti nümunə çəkərək bildirib ki, bir çox hallarda əlavə xərclərin müştərilərin üzərinə qoyulmamasına çalışdıq: “Əslində, mövcud durum hər iki tərəf üçün fors-major hesab edilir. Lakin əksər hallarda əlavə xərcləri öz üzərimizə götürdük. Bütün bunlar nəticədə maliyyə itkiləri ilə müşahidə olundu və məhdudiyyətlərdən əvvəlki dövrlə müqayisədə xərclərimiz 15-20% artdı”.

Nəqliyyat və logistika sektorunun gələcək perspektivlərinə toxunan K.Sadıqlı diqqətəçatdırıb ki, bir çox ölkələrin məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırması müsbət impuls kimi qəbul olunur:

“Lakin pandemiyanın gələcəyinə dair qeyri-müyyənlik hələ də qalmaqdadır. Bu da əminliklə yaxın perspektivdə bu sektordakı durumun əhəmiyyətli dərəcədə yaxşıya doğru dəyişəcəyini deməyə imkan vermir. Yəni hər şey koronavirusun nə zaman bitəcəyinə və istehsalın tam həcmdə bərpa olunacağına bağlı olacaq".

Son xəbərlər

Orphus sistemi