ECATA baş katibi: “Qazaxıstan Azərbaycanla nəqliyyat-logistikada "vahid pəncərə"yə keçir”

ECATA baş katibi: “Qazaxıstan Azərbaycanla nəqliyyat-logistikada "vahid pəncərə"yə keçir” Azərbaycan ilə Qazaxıstan arasında "vahid pəncərə" prinsipi əsasında nəqliyyat-logistika sisteminin yaradılması mümkündür.
İnfrastruktur
22 Noyabr , 2023 18:06
ECATA baş katibi: “Qazaxıstan Azərbaycanla nəqliyyat-logistikada vahid pəncərəyə keçir”

Azərbaycan ilə Qazaxıstan arasında "vahid pəncərə" prinsipi əsasında nəqliyyat-logistika sisteminin yaradılması mümkündür.

Bunu “Report”a açıqlamasında Avropa və Mərkəzi Asiya Nəqliyyat və Ticarət Assosiasiyasının (ECATA) baş katibi Leyla Batırbekova deyib.

O bildirib ki, Azərbaycanla Qazaxıstan arasında uzunmüddətli perspektivli əlaqələr var: “Vahid pəncərə" prinsipi hazırda tətbiq olunmasa da, baza tarif dərəcələri bu prinsipinə əsasən formalaşıb və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) üzrə ölkələrin törəmə şirkətləri bundan istifadə edirlər. "Vahid pəncərə" sisteminin tətbiqi üçün yeni hüquqi şəxs yaradılmalıdır”.

ECATA-nın baş katibi qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan arasında mürəkkəb əməliyyat modeli mövcuddur: “Qazaxıstan-Belarus-Rusiya yükdaşımaları 2011-ci ildən bu günə qədər çox kiçik həcmdən milyonlarla konteynerədək yüksəlib və çox müsbət nəticədir. Burada əməliyyat fəaliyyəti dəmir yolları arasında həyata keçirilir. Azərbaycan ilə Qazaxıstan arasında yükdaşımalarında isə Xəzər dənizi və limanlar rol oynayır. Bu daha mürəkkəb prosesdir”.

Azərbaycanın Asiya ilə Avropa arasında yükdaşımalarda mühüm halqa olduğunu söyləyən L. Batırbekova diqqətə çatdırıb ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Şərq-Qərb dəhlizlərinin inkişafında əsas rol oynayır və ölkənin coğrafi mövqeyi həqiqətən unikaldır.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) araşdırmasına əsasən, 2022-ci ildə Aktau və Bakı limanları arasında konteyner daşımalarının ümumi həcmi təxminən 33 min TEU təşkil edib. Qazaxıstanın cənubundan (Orta Dəhliz vasitəsilə) 18 min TEU, şimalından isə 15 min TEU keçib.

Proqnozlara görə, 2025-ci ildə konteyner daşımaları 80 min TEU, 2030-cu ildə 110 min TEU, 2035-ci ildə isə 125 min TEU səviyyəsində gözlənilir.

Son xəbərlər

Orphus sistemi