Dubayda keçirilən "Xəzər Həftəsi Forumu 2023" öz işini yekunlaşdırıb.
"Report"un Dubaya ezam olunmuş müxbiri xəbər verir ki, Böyük Xəzər Assosiasiyası (The Greater Caspian Association) və "Integral" şirkətlər qrupun "DP World" şirkətlər qrupu ilə əməkdaşlığı çərçivəsində ev sahibliyi etdiyi tədbirin ilk günündə qlobal yükdaşımaları, logistika və ticarət, rəqəmsal texnologiyaların tətbiqi və logistik dəhlizlərin inkişafı məsələlərinə toxunulub.
"Qlobal ərzaq və enerji təhlükəsizliyi üçün Xəzər regionunda logistik dəhlizlərin rolu" adlı paneldə ekspertlər mövzu ətrafında müzakirələr aparıb.
Paneldə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Əməliyyatlar departamentinin müdiri Yucin Si (Eugene Seah), o cümlədən azərbaycanlı ekspert Emil Məcidov da iştirak edib.
E.Məcidov ölkəmizin regionda nəqliyyat və logistika qovşağı kimi əhəmiyyətini diqqətə çatdırıb.
"Beynəlxalq sanksiyalara əməl olunması - 1-ci gün" adlı paneldə iştirak edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza mövzu ilə bağlı fikirlərini bölüşüb, sanksiyalara əməl olunması ilə bağlı öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Forum çərçivəsində "Qlobal Ticarət: Dünyanın davamlılığına töhfə" mövzusunda keçirilən plenar iclasda isə Böyük Xəzər Assosiasiyasının prezidenti Murat Seitnepesov Xəzər regionun qlobal enerji və qida təhlükəsizliyi üçün önəmindən danışıb.
Xəzər regionu ilə əməkdaşlıq əlaqələrindən söz açan M.Seitnepesov bildirib: "Logistika regionun inkişafında əsas rol oynayır. Dubayda baş tutan bu forum logistikada ağıllı sistemlərin tətbiqi, yeni tərəfdaşlar dəvət etmək, bölgədə inkişaf layihələrinin həyata keçirilməsi üçün investisiya cəlbi barədə müzakirələr aparmaq və layihələri təqdim etmək üçün mühüm platformadır".
Daha sonra "Böyük Xəzər Regionunun Ticarət və Logistika İnkişafına Strateji Baxış", "Böyük Xəzər regionu – 3 trilyon dollarlıq imkan", "Ticarət və Logistikada Rəqəmsallaşma - Ağıllı Təchizat Zəncirləri, Limanlar və Terminallar" və "Ticarət Maliyyəsi: Blokçeyn və Rəqəmsallaşma Prosesi" mövzularında plenar iclaslar keçirilib, Xəzər regionunun logistik imkanları, yəni texnologiyaların cəlbi barədə fikir mübadiləsi aparılıb.
"Xəzər Həftəsi Forumu 2023"ün ikinci günü isə Özbəkistan, Qazaxıstan, Türkmənistan və Hindistan nümayəndələrinin iştirakı ilə "Qadınlar - gələcəyin liderləri" mövzusunda plenar iclasla başlayıb. Çıxışçılar öz uğur hekayələrini bölüşüb, qarşılaşdıqları çətinliklərdən danışıblar.
"Gələcəyə qucaq açan ağıllı logistika" adlı plenar iclasda Azərbaycanın "Şimal-Cənub" nəqliyyat dəhlizində mühüm rol oynadığı qeyd olunub. Bildirilib ki, Xəzər regionunda yerləşən ölkələr ağıllı logistikanın tətbiqi üçün digər böyük ölkələrin təcrübələrini öyrənməli, əməkdaşlıq əlaqələri qurmalıdırlar.
Daha sonra "İqlim dəyişikliyi və böyük Xəzər regionu - çağırışların imkanlara çevirilməsi", "Dəyişən dünyada gələcək qlobal liderlər", "Ticarət və logistika üçün innovativ maliyyələşdirmə" və digər mövzularda plenar iclaslar keçirildi.
Çıxışlarda böyük Xəzər regionunun ticarət və logistika potensialı bir daha vurğulandı, istifadəsi və genişləndirilməsi ilə bağlı təkliflər səsləndirildi. Tədbirin yüksək səviyyədə təşkili natiqlər tərəfindən qeyd olundu.
Forum çərçivəsində Xəzər regionunun nəqliyyat-logistika dəhlizlərinin rəqəmsallaşdırılması və vahid əlaqələndirmənin yaradılması üzrə layihənin təqdimatı da oldu.
"Xəzər Həftəsi Forumu 2023"ün bağlanış mərasimində Böyük Xəzər Assosiasiyasının prezidenti Murat Seitnepesov "DP World" ilə əməkdaşlıq əlaqələrindən danışıb, bu münasibətlərin daha da inkişaf etdiyini qeyd edib.
Bildirib ki, forumda ABŞ, Çin, Koreya, Sinqapur, Rusiya, Əfqanıstan, Pakistan, Hindistan və digər ölkələrdən nümayəndələr iştirak edib:
"Pandemiya səbəbindən yaranan 3 illik fasilədən sonra yenidən Xəzər regionu ölkələrini bir araya topladıq. İki günlük tədbir zamanı çox maraqlı diskussiyalar oldu və bunlar barədə daha sonra araşdırmalar aparacağıq".
İki günlük təlimin əhəmiyyətindən danışan "Swiss NeWater" və "SymbioSwiss"in rəhbəri Klaud Beqle qeyd edib ki, tədbir bir çox şirkətlərin əməkdaşlıq, ünsiyyət qurması üçün mühüm platforma oldu: "Burada çıxış edənlərin fikirləri, düşüncələri deməyə əsas verir ki, qarşıya qoyulan məqsədlər, şirkətlər arasındakı razılaşmalar uğurla başa çatacaq".
Qeyd edək ki, "Xəzər Həftəsi Forumu 2023"ə 700 iştirakçı və 65-dən çox natiq qatılıb.













