Dəmiryolçuların peşəkarlığının artırılması üzrə seminar keçirilib - REPORTAJ

Dəmiryolçuların peşəkarlığının artırılması üzrə seminar keçirilib - REPORTAJ Nəqliyyat vasitəsi kimi dəmir yolundan istifadə edən insanların təhlükəsizliyinin təminatı, onların mənzil başına sağ-salamat və vaxtında çatdırılması böyük məsuliyyət tələb edir. Azərbaycan Dəmir Yolları QSC-də çalışanlar bu məsuliyyəti dərk edərək hər an ayıq-sayıq olmalı, ortaya çıxan problemləri dərhal aradan qaldırmalıdırlar. Bunun üçün isə dəmir yolu təsərrüfatının işçiləri daimi bilik və bacarıqlarını artırmalı, inkişaf etməlidirlər.
İnfrastruktur
29 Oktyabr , 2019 15:23
Dəmiryolçuların peşəkarlığının artırılması üzrə seminar keçirilib - REPORTAJ

Nəqliyyat vasitəsi kimi dəmir yolundan istifadə edən insanların təhlükəsizliyinin təminatı, onların mənzil başına sağ-salamat və vaxtında çatdırılması böyük məsuliyyət tələb edir. "Azərbaycan Dəmir Yolları" QSC-də çalışanlar bu məsuliyyəti dərk edərək hər an ayıq-sayıq olmalı, ortaya çıxan problemləri dərhal aradan qaldırmalıdırlar. Bunun üçün isə dəmir yolu təsərrüfatının işçiləri daimi bilik və bacarıqlarını artırmalı, inkişaf etməlidirlər. 

Bir sözlə, dəmir yolu elə bir sahədir ki, burada yerində saymaq olmaz. Zamanın tələblərinə uyğun olaraq irəli getməlisən. Elə bu məqsədlə QSC işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasına xüsusi önəm verir, onları mütəmadi olaraq seminarlara, təlimlərə cəlb edir. Belə tədbirlərdən biri bu günlərdə Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında yeni istifadəyə verilmiş Təlim-Tədris Mərkəzində baş tutub. 

Belə ki, "Azərbaycan Dəmir Yolları"nın İnfrastruktur Departamentinin, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən seminarda yol stansiyalarının hərəkətlə əlaqədar işçilərinin bilik və bacarıqlarının artırılması, yeni texnologiyaların işə tətbiqinə peşəkar münasibətin formalaşdırılması və ən başlıcası, hərəkətin təhlükəsizliyinin tələb olunan səviyyədə təmin edilməsi gündəliyin əsas mövzusu olub. Dəmir yolu nəqliyyatının mövcud texniki təlimatlarının tələblərinə əsaslanan seminara Biləcəri, Keşlə, Xırdalan və Abşeron stansiyalarının müxtəlif peşələri əhatə edən 80 əməkdaş cəlb edilib. Tədbirdə, əsasən, qatar dispetçerləri və tərtibatçıları, stansiya və post növbətçiləri iştirak ediblər. Səhmdar cəmiyyətinin peşəkar təlimçiləri dəmiryolçulara müxtəlif videoçarxlar vasitəsilə ən çətin vəziyyətlərdə davranış qaydalarını, yüklərin təhlükəsiz şəkildə mənzil başına çatdırılmasını, yeni və müasir texnologiyalardan düzgün istifadənin vacibliyini aşılayıb. 

Təlimdə iştirak edən Elmar Məmmədovun sözlərinə görə, bu seminar onun kimi texniki növbə işçilərinin bilik səviyyəsinin yüksəldilməsi, peşə davranışlarının artırılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi baxımından çox müsbət rol oynayır: "Əgər iş prosesində qeyri-standart vəziyyət yaşanırsa, həmin vəziyyətin normallaşdırılması, qəza baş verməsinin qarşısını almaqla bağlı seminarda geniş məlumat verildi. Zaman bu cür seminarların işçilər üçün əhəmiyyətli olduğunu göstərir. Çünki nasazlıq baş verən zamanı biz standart vəziyyətdə deyil, qeyri-standart vəziyyətdə fəaliyyət göstəririk. Bu zaman manevrlərin düzgün seçilərək hərəkətin təhlükəsizliyinin təmin edilməsi üzərimizə düşür. Məqsəd bunu vaxtında təmin etməkdir". 

Azərbaycan Dəmir Yolları”nın İnfrastruktur Departamentinin Hərəkət xidmətinin rəisi Elçin Məmmədov isə bildirib ki, dəmiryolçuların peşəkarlığının yüksəldilməsi təmsil etdiyi qurumun əsas məqsədidir: “Azərbaycan Dəmir Yolları”nın bütün stansiyalarında bu cür seminarlar təşkil edilir. Hər ay azı 2 belə tədbirin keçirilməsi nəzərdə tutulub. Seminarlarda iştirak edənlərin yaş həddi 30-33 civarındadır. Çünki dəmir yolunda fəaliyyət göstərənlər arasında cavan kadrlar üstünlük təşkil edir. Bu isə rəhbərliyin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir". 

Onun sözlərinə görə, bu gün Bakı qovşağı üzrə keçirilən seminarda, əsasən, qatarların hərəkətini təşkil edən işçilər iştirak edir: "Çünki bu gün qatarların hərəkətinin təşkilində müasir texnologiyalar tətbiq edilir. Böyük Kəsik istiqamətindən başlayaraq Alabaşlı dəmir yolu stansiyasına qədər 11 stansiyada müasir sistem yaradılıb. Onu da qeyd edim ki, qatarların hərəkətinin təhlükəsiz təşkil edilməsi, dəmir yollarında texniki istismarla bağlı sənəd var. Həmin sənəddə deyilir ki, dəmiryolçunun ən başlıca vəzifəsi daşınan sərnişinlərin və yüklərin salamatlılığını təmin etmək, alət invertar vasitələrdən səmərəli istifadə etmək və ətraf mühiti qorumaqdır. İşçilərin ən ümdə vəzifəsi qatarların təhlükəsiz hərəkətini təmin etmək və təşkil etməkdir. Bu seminarda bir daha da dəmiryolçulara vəzifə borclarını xatırladırıq. Çünki burda iştirak edənlər vəzifə borclarına məsuliyyətsiz yanaşsalar, məsuliyyətsizliyə yol versələr, hərəkətin təhlükəsizliyində problem yaranar. Problem yaranması isə o deməkdir ki, sərnişinlərə və yüklərə zərər dəyə bilər. Bəzən belə bir hal olub ki, bir şəxsin buraxdığı səhvi növbəti işçi görür və aradan qaldırır, bu da təhlükəsizliyin təmin edilməsinə kömək edir”.

“Azərbaycan Dəmir Yolları”nın SƏTƏM şöbəsinin rəisi Sadiq Şirinov isə deyib ki, seminar iştirakçılarına iş prosesində özlərinin və yoldaşlarının sağlamlıqlarının qorunması, əməyin mühafizəsi sisteminə, texniki təhlükəsizlik tələblərinə riayət edilməsi barədə məlumatlar verilir: "SƏTƏM-in funkisiyalarından biri də istesalatda baş verə biləcək qəzaların qarşısının alınması, önləyici tədbirlərin görülməsi, ətraf mühitin qorunması ilə bağlı əməkdaşlarımızı daima məlumatlandırmaqdır. Əməyin mühafizəsi normativ hüquqi aktlarla tənizmlənən bir sistemdir. Əməyin mühahafizəsinin dəmir yolunda tətbiqi xüsusi bir prosesdir. Yeni işə qəbul edilənlərlə yanaşı, köhnə işçilərimizə də təlimatlar verilir. Təhlükəsizliyə riayət edilməsi ilə bağlı onlar maarifləndirilir. Hər bir müəssisədə SƏTƏM mütəxəsisləri var. Hər bir təsərrüfatın spesikasına uyğun əməyin mühafizəsi təlimatları var. Bu təlimatlar əsasında işçilər öyrədilir”.

Son xəbərlər

Orphus sistemi