DEİK sədri: "Azərbaycanla Türkiyə arasında quru yollarının bərpası gündəmdədir"

DEİK sədri: "Azərbaycanla Türkiyə arasında quru yollarının bərpası gündəmdədir" Selçuk Akat bildirib ki, Naxçıvan ilə Qars arasında dəmir yolu xətti çəkilməlidir
İnfrastruktur
10 Aprel , 2021 16:25
DEİK sədri: Azərbaycanla Türkiyə arasında quru yollarının bərpası gündəmdədir

“Azərbaycanın Qarabağdakı zəfərindən sonra Türkiyə və Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan üzərindən dəmir yolu və quru yol vasitəsilə birbaşa bağlanması məsələsi gündəmə gəlib”.

Bunu “Report”a Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının sədri Selçuk Akat deyib.

Onun sözlərinə görə, bunun üçün isə Naxçıvan ilə Qars arasında dəmir yolu xətti çəkilməlidir: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin fevralında Bakıya səfəri zamanı imzaladığı 14 müqavilə arasında Naxçıvan ilə Qars arasında dəmir yolu ilə bağlı müqavilə də var idi. Bu cür yolun bərpası Naxçıvanın iqtisadiyyatını daha güclü edəcək və Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin artırmasına səbəb olacaq”.

S.Akat Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin əhəmiyyətinə də toxunub: “BTQ bölgədə iqtisadi inkişaf üçün Azərbaycan-Türkiyə-Gürcüstanın reallaşdırdığı strateji layihədir. Xüsusilə, pandemiya dövründə insanların gediş-gəlişinin kəskin azaldığı bir vaxtda BTQ ilə Azərbaycan-Türkiyə- Gürcüstan arasında malların hərəkəti təmin edilib. BTQ xətti ilə yüklər birbaşa Orta Asiya ölkələrinə və Çin Xalq Respublikasına Gürcüstan, Azərbaycan, Rusiya, Xəzər dənizi üzərindən keçən qatar-bərə yolu ilə nəql edilə bilir”.

Xatırladaq ki, BTQ dəmir yolu xəttinin Naxçıvan dəmir yollarına birləşdirilməsinə bu il başlanacaq. Qars-İğdır-Naxçıvan istiqamətində 230 kilometr uzunluğunda dəmir yolu xətti çəkiləcək. Bu xətt İran, Əfqanıstan və Pakistanla birləşdiriləcək.

Qeyd edək ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir.

Son xəbərlər

Orphus sistemi