DB Azərbaycanda regional avtomobil yollarının bərpasını maliyyələşdirəcək

DB Azərbaycanda regional avtomobil yollarının bərpasını maliyyələşdirəcək Bank bu layihənin reallaşdırılması üçün “Azərbaycanda üçüncü yol layihəsi” çərçivəsində qənaət edilmiş təxminən 65 milyon ABŞ dollarını yönəltməyi planlaşdırır
İnfrastruktur
3762
14 Oktyabr , 2020 17:56
DB Azərbaycanda regional avtomobil yollarının bərpasını maliyyələşdirəcək

Dünya Bankı (DB) Salyan-Biləsuvar yolunun 54 km uzunluğunda olan hissəsinin yenidənqurulmasını nəzərdə tutan “Regional əlaqələr və inkişaf” (Regional connectivity and development) yeni yol layihəsinin işlənib hazırlanmasına başlayıb.

Bu barədə “Report”a DB-nin Bakı nümayəndəliyindən bildiriblər.

Bank bu layihənin reallaşdırılması üçün “Azərbaycanda üçüncü yol layihəsi” çərçivəsində qənaət edilmiş vəsaiti – təxminən 65 milyon ABŞ dollarını yönəltməyi planlaşdırır.

“Yeni layihə “Azərbaycanda üçüncü yol layihəsi” başa çatana qədər - 2021-ci ilin mart ayının sonuna kimi hazırlanacaq. Hazırda layihənin texniki və maliyyə parametrləri hazırlanır və onun dəyərinin kreditin qənaət olunmuş vəsaitləri diapazonunda olacağı gözlənilir”, - nümayəndəlikdən vurğulayıblar.

Xatırladaq ki, layihə 2020-ci ilin iyun ayının sonuna qədər yekunlaşmalı idi, lakin Azərbaycan hökumətinin restrukturizasiya barədə müraciəti əsasında onun 2021-ci il martın sonuna qədər uzadılmasına qərar verilib.

2020-ci il iyun ayının ortalarına olan duruma görə, DB-nin bu layihə üçün ayırdığı kreditin istifadə olunmuş məbləği təqribən 310,1 milyon ABŞ dollarıdır (əlavə maliyyələşdirmə də daxil olmaqla, bankın ümumi öhdəliklərinin 82,4%-i).

Qeyd edək ki, layihə üç komponentdən ibarətdir: birincisi - M4 Bakı-Şamaxı avtomobil yolunun 94 km-lik hissəsinin və M3 Yenikənd-Şorsulu avtomobil yolunun 48 km-lik hissəsinin dörd zolaqlı magistrala qədər modernləşdirilməsi daxil olmaqla magistral yolun yaxşılaşdırılması; ikincisi – avtomobil yollarına texniki xidmət üzrə islahata dəstək (Azərbaycan avtomobil yollarının idarə edilməsi və maliyyələşdirilməsi); üçüncüsü – layihənin idarə edilməsi və texniki yardım və layihənin reallaşdırılması üçün əlavə xərclərin maliyyələşdirilməsi də daxil olmaqla, “Azərbaycan Avtomobil Yolları” QSC-yə (indiki - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi – red.) institusional dəstək.

Birinci komponentin dəyəri 448,1 milyon ABŞ dolları, ikincisi 25 milyon ABŞ dolları, üçüncüsü isə 4 milyon ABŞ dolları dəyərindədir.

DB Direktorlar Şurası 2010-cu ilin may ayında Azərbaycana avtomobil yollarının yaxşılaşdırılıması üzrə üçüncü layihənin icrası üçün 241,6 milyon ABŞ dolları həcmində kredit verilməsini təsdiqləyib. Kredit iki hissədən ibarət olub. O cümlədən, 171,6 milyon ABŞ dolları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (İBRD) şərtləri ilə 4 illik güzəşt dövrü ilə 17 il müddətinə ayrılıb. Digər 70 milyon ABŞ dolları isə Beynəlxalq İnkişaf Assosiasiyasının (İDA) şərtlərinə əsasən, 10 illik güzəşt dövrü ilə 20 illik müddətə təmin edilib.

Layihənin ilkin dəyəri Azərbaycan hökumətinin iştirakı nəzərə alınmaqla 356,15 milyon ABŞ dolları olub. 2016-cı ildə Azərbaycan DB-dən 140 milyon ABŞ dolları dəyərində əlavə maliyyələşdirmə cəlb edilib və bu kredit müqaviləsi çərçivəsində hökumətin payı 43,5 milyon ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi