İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Şəmkirdə Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarının sakinlərini qəbul edib.
Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, qəbulda 26 vətəndaş iştirak edib. Onlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı, torpaqların təyinatının dəyişdirilməsi və digər məsələlər barədə müraciət ediblər. Qəbul zamanı qaldırılan bəzi məsələlər dərhal həllini tapıb, araşdırılması tələb olunan müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub.
Qurum vətəndaş qəbulunu digər şəhər və rayonlarda da davam etdirəcək.