​“Nomad Express” konteyner qatarının operatorları müəyyənləşib

​“Nomad Express” konteyner qatarının operatorları müəyyənləşib Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə beynəlxalq konsorsium yaradır
İnfrastruktur
3818
14 Oktyabr , 2015 19:28
​“Nomad Express” konteyner qatarının operatorları müəyyənləşib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (BTNM) üzrə beynəlxalq konsorsium yaradılması haqqında razılıq əldə edib. 

"Azərbaycan Dəmir Yolları"ndan "Report"a verilən məlumata görə, tərəflər Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə birbaşa dəmiryolu-bərə marşrutu üzrə hərəkət edəcək “Nomad Express” konteyner qatarının operatorlarını təsdiqləyiblər. Bunlar “KTZ Express” SC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Karvan Logistics” MMC və “Trans Caucasus Terminal” MMC şirkətləridir. Operatorlar noyabrın 1-nə qədər konsorsial razılaşma hazırlayaraq imzalamalı və bu barədə Koordinasiya Komitəsinə məlumat verməlidirlər.

Həmçinin “Nomad Express” konteyner qatarının buraxılması üzrə qarşılıqlı fəaliyyət texnologiyası təsdiq edilib. Bu sənəd logistika operatorları, daşıma şirkətləri, dəniz limanları və yardımçı nəqliyyat infrastrukturları arasında qarşılıqlı fəaliyyət qaydalarını tənzimləyir. Bundan başqa, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun və “Nomad Express” konteyner qatarının təbliğatı məqsədilə Çində və Avropa ölkələrində "Road-show" adlı reklam kampaniyasının təşkil edilməsi, birgə tədbirlər planının noyabrın 1-nə qədər Koordinasiya Komitəsinə təqdim olunmasına qərar verilib.