Bu il Azərbaycanın 14 rayonunda torpaqların elektron uçota alınması tam yekunlaşacaq

Bu il Azərbaycanın 14 rayonunda torpaqların elektron uçota alınması tam yekunlaşacaq Əmlak Məsələləri Dövlət Komitəsində bu ilin yanvar-sentyabr aylarının yekunlarına həsr olunmuş müşavirə keçirilib
İnfrastruktur
16 Oktyabr , 2017 14:39
Bu il Azərbaycanın 14 rayonunda torpaqların elektron uçota alınması tam yekunlaşacaq

Bakı. 16 oktyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) bu ilin yanvar-sentyabr aylarının yekunlarına həsr olunmuş müşavirə keçirilib. 

“Report” Komitəyə istinadən xəbər verir ki, müşavirədə qurumun sədri Kərəm Həsənov çıxış edib.

O, bildirib ki, bu ilin sonuna qədər Azərbaycanın 14 rayonunda torpaqların elektron kadastr uçotunun aparılması işlərinin yekunlaşdırılması nəzərdə tutulur. Paralel olaraq 12 rayonda bələdiyyə xəritələriniun hazırlanması istiqamətində işlər davam etdirilir.

Onun sözlərinə görə, ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir. 9 ay ərzində 600 min hektara yaxın ərazidə çöl torpaq tədqiqatı, 200 min hektar ərazidə çöl geobotaniki tədqiqat işləri yerinə yetirilib.

K.Həsənov qeyd edib ki, 57 şəhər və rayon, o cümlədən, 156 qəsəbə və 1 533 kənd yaşayış məntəqəsi üzrə 30 minə yaxın küçə və prospekt, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib. Bu ilin fevral ayında vətəndaşların istifadəsinə verilmiş “AzNav” - ilk rəsmi naviqasiya sistemi istifadəçilərinin sayı 180 minə yaxın olub.

Komitə torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işlərini davam etdirib. Hesabat dövründə İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 744 hal üzrə inzibati protokollar tərtib olunub. Ümumilikdə indiyədək, 1900-a yaxın inzibati protokol tərtib edilib.

Kənd təsərrüfatı məqsədi ilə 165 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Son xəbərlər

Orphus sistemi