Abşeron rayonunun Goradil qəsəbəsinin içməli su problemi həll edilir

Abşeron rayonunun Goradil qəsəbəsinin içməli su problemi həll edilir Bu barədə "Report"a “Azərsu” ASC-dən bildirilib
İnfrastruktur
30 Mart , 2021 15:34
Abşeron rayonunun Goradil qəsəbəsinin içməli su problemi həll edilir

“Azərsu” ASC daxili imkanları hesabına Abşeron rayonunun Goradil qəsəbəsinin "Bağ massivi" adlanan ərazisində mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradır.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumatda deyilir ki, ərazidə indiyə qədər mərkəzləşdirilmiş su təchizatı sistemi olmayıb. Əhalinin içməli suya olan tələbatı uzun illər fərdi qaydada yaradılmış və tikinti normalarına uyğun olmayan xətlər vasitəsilə ödənilib. Buna görə də içməli su təchizatında ciddi çətinliklər müşahidə olunub. İstismara yararsız olan həmin xətlərdə tez-tez qəzaların baş verməsi sabit hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə səbəb olub, suyun keyfiyyəti üçün müəyyən risklər yaradıb. Xüsusilə yay mövsümündə belə xətlər vasitəsilə normal su təchizatını aparmaq mümkün olmurdu.

Əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi, dəqiq uçotun qurulması, su itkilərinin qarşısının alınması üçün bu ilin mart ayında yeni layihənin icrasına başlanılıb. “Azərsu”yun həyata keçirdiyi layihə çərçivəsində ərazidəki istismar tələblərinə cavab verməyən fərdi su xətləri ləğv olunur. Əvəzində müxtəlif diametrli borularla 2,5 km uzunluğunda mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır. Layihənin əhatə etdiyi ərazidəki bütün fərdi yaşayış evləri yeni şəbəkəyə qoşulacaq və hər bir abonent sayğacla təmin ediləcək.

Tikinti-quraşdırma işlərinin mayda başa çatdırılması nəzərdə tutulur. Yeni infrastruktur ərazidə sabit hidravlik rejim təmin olunmasına, dayanıqlı su təminatına imkan yaradacaq.

“Azərsu” hazırda Abşeron rayonu ilə yanaşı, Bakının Binəqədi, Səbail, Sabunçu, Suraxanı, Xəzər rayonlarında, həmçinin Hacıqabul, Saatlı, Tovuz rayonlarının kənd və qəsəbələrində də içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələr həyata keçirir.

Son xəbərlər

Orphus sistemi