Bakı. 17 fevral. REPORT.AZ/ Səhər saatlarından Bakının avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində müşahidə edilən sıxlıq artıq aradan qaldırılıb. Müvafiq qurumların həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində artıq əsas küçə və prospektlərdə nəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib. "Report" xəbər verir ki, bu məlumatı Bakı Nəqliyyat Agentliyi (BNA) yayıb.
"Səhər saatlarında müxtəlif marşrut xətləri üzrə sərnişin avtobuslarının intervallarında gecikmələr müşahidə edilib ki, bu da meteoroloji amillər səbəbindən yollarda hərəkətin təhlükəli olması ilə bağlı idi. Hazırda isə qeyd edildiyi kimi, yollardakı mövcud çətinliklər aradan qaldırılıb. Bu gün Bakıda sərnişinlərə xidmət göstərilməsi üçün marşrut xətləri üzrə 1 888 avtobus reysə buraxılıb. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları GPS sisteminin imkanlarından istifadə etməklə reysə çıxan bütün avtobuslara nəzarəti daha da gücləndirib. BNA daşıyıcılarla əlaqəli gücləndirilmiş iş rejimində çalışır. Bakıda müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün hüquqi və fiziki şəxslərə nəqliyyat vasitələrini ciddi səbəb olmadan reysdən çıxarmamaq və gecə saatlarınadək xidmət göstərilməsi ilə bağlı tapşırıq verilib", - deyə BNA-nın xəbərində qeyd edilib.