Azərbaycanın bir sıra rayonlarının suvarma problemi həll ediləcək

Azərbaycanın bir sıra rayonlarının suvarma problemi həll ediləcək “Cari ildə 1 mln 415 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulub”.
İnfrastruktur
287
5 İyun , 2020 14:51
Azərbaycanın bir sıra rayonlarının suvarma problemi həll ediləcək

“Cari ildə 1 mln 415 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulub”.

“Report” xəbər verir ki, bu barədə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə bildirib.

Onun sözlərinə görə, bu il mayın 25-dək taxıl bitkiləri 522 min hektar sahədə 1,9 dəfə suvarılıb, 69 min hektar sahədə pambıq bitkisinin arat suvarılması aparılıb: “Hazırda kənd təsərrüfatı bitkilərinin suvarılması davam etdirilir. Respublikanın 39 şəhər və rayonunun 338 yaşayış məntəqəsində 10 712 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün cari ildə qazılması nəzərdə tutulmuş 443 ədəd subartezian quyusunun layihə-smeta sənədləri hazırlanıb və 45 ədəd subartezian quyusunda qazma işləri başa çatdırılıb”.

Ə.Əhmədzadə əlavə edib ki, Şəmkir su anbarı zonasında tikintisi başa çatmış Şəmkir-Samux-Goranboy magistral kanalının 2-ci növbəsinin zonasında 4 000 hektar və su anbarından su götürən magistral kanallardan 2 000 hektar sahəyə suvarma suyunun səmərəli paylanılması və su itkilərinin qarşısının alınması məqsədilə beton üzlüklü və boru kəməri ilə paylayıcı kanalların tikintiləri davam etdiriləcək: “Sabirabad rayonunda qış otlaq sahələrində meliorativ tədbirlər və Araz çayının Yeni qol kanalı zonasında kollektor-drenaj şəbəkəsinin və paylayıcı kanalların tikintisi işlərini davam etdirməklə Sabirabad və Biləsuvar rayonlarının 10 950 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılacaq, Saatlı və İmişli rayonlarının torpaq sahələrinə Araz çayının Yeni qolundan suyun verilməsi üçün 21 min hektar sahədə paylayıcı kanallar və 10 min hektara yaxın sahədə suyığıcı kollektorların tikintisinin başa çatdırılması nəzərdə tutulur. Uzunluğu 73 kilometr olan Abşeron magistral kanalının suburaxma qabiliyyətinin artırılması məqsədilə onun qalan son 11 kilometrlik hissəsinin yenidənqurulması ilə bu ərazilərdə zeytun, badam və digər kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün yeni yaradılmış istixanaların, aqroparklara və iri təsərrüfatlara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə və mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına imkan yaranacaq”.

O bildirib ki, 2019-cu ildə tikinti işlərinə başlanılmış “Azərşəkər” MMC-yə məxsus Yevlax və Goranboy rayonlarında 2 960 hektar və Ağcabədi rayonunda 2 500 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi işləri başa çatdırılacaq.

Ağsu, Biləsuvar, Qazax, Ağstafa rayonlarında 4 000 hektara yaxın torpaq sahəsinin su təminatının yaxşılaşdırılması üçün suvarma kanallarının tikintisi işləri aparılacaq. Masallı rayonunda 24 və Şamaxı rayonunda 7 sututarda zəruru təmir işlərini başa çatdırmaqla 4 500 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi