Binəqədi-Novxanı-Corat yolunun bir hissəsində yenidənqurma işləri bitir - VİDEO

Binəqədi-Novxanı-Corat yolunun bir hissəsində yenidənqurma işləri bitir - VİDEO Ümumilikdə, yolun 170 min kv. metr sahəsinə yeni asfalt-beton örtük döşənəcək
İnfrastruktur
21 Aprel , 2017 10:37
Binəqədi-Novxanı-Corat yolunun bir hissəsində yenidənqurma işləri bitir - VİDEO
Azeravtoyol.gov.az

Bakı. 21 aprel. REPORT.AZ/ 14 km uzunluğunda olan Binəqədi-Novxanı-Corat avtomobil yolunun 6 km-lik Binəqədi-Novxanı hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Hazırda sözügedən hissəyə asfalt-beton örtüyünün sonuncu qatının döşənməsi işləri aparılır ki, bu işlər də artıq bitmək üzrədir.

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, ümumilikdə yolun 170 min kv. m sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

Qeyd olunan ərazinin Binəqədi qəsəbəsi ərazisindən keçən 1, 1 km-lik hissəsində 1,5 metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb. Binəqədi-Novxanı-Corat avtomobil yolunun qalan 8 km-lik hissəsində hazırda aidiyyəti qurum tərəfindən yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri aparılır. Bu işlər bitdikdən sonra həmin hissənin də təmir aparılacaq. Avtomobil yolunun mövcud eni isə 7-9 metr arası dəyişirdi. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilib. Yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq.

Təmir-tikinti işləri çərçivəsində yol boyu maneələr sökülüb, kommunikasiya xətləri köçürülüb, köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, genişləndirilmiş ərazilərə də daxil olmaqla karbonat materialı tökülərək yenidən kipləşdirilib.

Bundan başqa, layihə çərçivəsində yolun 1,3-cü km-də, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunub, Novxanı qəsəbəsində yerləşən dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülərin əsaslı şəkildə təmir edilərək 7 m-dən 12,5 m-ə qədər genişləndirilməsi və kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 5 yerdə xüsusi boruların quraşdırılması da nəzərdə tutulub. Tikinti işləri yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, piyada zolaqlarının, yolcizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq. 

Qeyd edək ki, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı, bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə yaradırdı. Avtomobil yolunun tikintisi ilə 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi asanlaşacaq.

Son xəbərlər

Orphus sistemi