Biləsuvar şəhərinin Heydər Əliyev prospektinin işıqlandırılması problemi uzun zamandan sonra həll olunub.
Bu barədə "Report"un Muğan bürosuna rayon sakinləri məlumat veriblər.
Belə ki, işıq lampalarının və yeraltı elektrik xəttlərinin təmirindən sonra bu problem öz həllini tapıb. Bununla da prospektin işıqlandırılması bərpa edilib, axşam saatlarında ərazidə nəqliyyat vasitələrinin, səkilərdə isə piyadaların hərəkəti üçün yaranmış maneələr aradan qaldırılıb.
Qeyd edək ki, prospektdə işıq problemi bu ilin yay aylarında yaranmışdı. Şəhər nəqliyyatının ən intensiv hərəkət etdiyi yolun işıqlandırılmaması tez-tez yol qəzalarının baş verməsinə səbəb olurdu. Eyni zamanda, gecə saatlarında yolun bir tərəfindən digər tərəfinə keçməyə çalışan sakinlərin həyatlarına ciddi təhlükə yaranırdı.
Bununla bağlı rayon sakinlari "Report"un yerli bürosuna müraciət edib və problem saytımızda iki dəfə işıqlandırılıb. "Report"un yerli bürosunun ikinci materialı zamanı şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi problemin tez bir zamanda həll olunacağı bildirmişdi.