Biləsuvar şəhərinin mərkəzi küçələrində kanalizasiya üçün qazılaraq uzun müddət təmirsiz qalan yol bərpa edilir.
Bu barədə "Report"un Muğan bürosuna rayon sakinləri məlumat verib.
Hazırda qazılan yollarda kipləşdirmə işlərinə başlanılıb, asfalt örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir.
Xatırladaq ki, cari ilin əvvəlində rayon mərkəzində kanalizasiya sisteminin yenidən qurulması üçün bir neçə küçədə qazıntı işləri aparılıb. Bu işləri həyata keçirən “Azərsu" ASC işlərini yekunlaşdırsa da qazıntı işləri aparılan yollarda təmir-bərpa işləri aparılmamışdı.
Qeyd edək ki, bir neçə gün əvvəl "Report"da həmin küçələrdəki vəziyyətə görə yerli sakinlərin narazılıqları ilə bağlı xəbər dərc edilmişdi.
Sakinlər "Report"un yerli bürosuna bildiriblər ki, xəbər dərc olunandan sonra rayon rəhbərliyi qazıntı işlərinin aparıldığı küçələrə baxış keçirib və təcili olaraq yolların bərpa edilməsi barədə tapşırıq verib.