Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yeni körpü tikilir

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yeni körpü tikilir "Ro-ro" tipli gəmilərin qəbulu üçün nəzərdə tutulan bu körpünün inşası yayda başa çatacaq
İnfrastruktur
6 Mart , 2015 15:34
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yeni körpü tikilir

Bakı. 6 mart. REPORT.AZ/ Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində inşa olunan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (BBDTL) Kompleksinin tikintisinin əsas mərhələlərindən birinə start verilib. Bu mərhələ çərçivəsində "ro-ro" tipli gəmilər üçün bir körpü və 4 körpüdən ibarət universal quru yük və konteyner terminalının inşası aparılır.

BBDTL-dan "Report"a bildirilib ki, hazırda dəniz limanı ərazisində ağır işlər gedir: "Bu körpünün tikintisi üçün bərə terminalı tikilən zaman hazırlıq işləri aparılırdı. Ümumi planlaşdırılan kimi svaylar qurulub, tonlarla armaturdan istifadə edilib. Bu layihəyə tez başlanılmasaydı, onlar qalıb xarab ola bilərdilər. Bu işi saxlamaq olmazdı".

Hazırda yaranan qlobal maliyyə böhranı iqtisadiyyatın bütün sahələrinə təsir etdiyi kimi, limanın da tikintisinə təsirsiz ötüşməyib: "Lakin hökumət işin dayanmaması üçün əlindən gələni edir. Limanın tikintisi ağır və məsrəflidir, bir ayda bu işlərə ən azı 50 mln. manat vəsait tələb olunur. Lakin dəniz limanı nəqliyyat sahəsinin ən perspektivli qollarından biridir".

Mənbə bildirib ki, hazırda tikilən və 300 metr uzunluğunda olacaq körpü həm də ağır tonnajlı yüklərin (TİR) daşınması üçün nəzərdə tutulub. Limanın layihəsini hazırlayan Niderlandın “Royal Haskoning” şirkəti tikinti zamanı milyonlarla kubmetr xüsusi spesikif xassəyə malik torpaqdan istifadə edib.

Qeyd edək ki, ümumilikdə dəniz limanında 8 körpü nəzərdə tutulub. "Ro-ro" tipli gəmilər üçün körpüdən savayı, uzunluğu 650 metr təşkil edəcək digər körpüdə isə eyni zamanda 4 gəmi dayana biləcək. Eyni zamanda, quru yük körpüsündə də iş aparılır.

Limandan qeyd ediblər ki, bu körpünün hazır olması beynəlxalq dəniz yükdaşımasında böyük rol oynayacaq. O, yükdaşımaların ancaq avtomobil nəqliyyatından asılı olan Türkiyənin buna xüsusi maraq göstərdiyini bildirib: "Onların hazırkı yükdaşımaları olduqca baha başa gəlir. Bu ölkənin Asiya tərəfinə keçidi yoxdur, ona görə də həm Beynəlxalq Dəniz Ticarət Limanı, həm də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi türklər üçün olduqca əlverişlidir. Türkiyə tərəfi bu limanın işə düşməsini səbrsizliklə gözləyir. Çünki hazırda onlar İran vasitəsilə daşımaçılığı həyata keçirir və tez-tez problemlərlə üzləşir. Lakin bu xətt açılan kimi bütün Avropa malları Azərbaycandan keçməklə Çinə və geriyə hərəkət edə biləcək"

Türkiyə ilə yanaşı, İran da limana maraq göstərir. Bu yaxınlarda İranın Ənzəli Azad Ticarət və Sənaye Zonası Təşkilatı İdarə Heyətinin sədri, icraçı direktor Rza Məsrur da limana baş çəkib, əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Maliyyə çətinlikləri olmazsa, "ro-ro" tipli gəmilərin qəbulu üçün körpünün tikinti işlərinin bu ilin iyul-avqust aylarında yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, limanda 2 bərəni qəbul edə bilən əsas yanalma körpüsü inşa edilib. Bərə körpüsünə xidmət üçün hər birinin uzunluğu 79 metr olan dəmiryolu - bərə birləşdirici 2 körpü və uzunluğu 809 metr olan bir xidməti körpü inşa edilib. Birinci mərhələdə limanın yükaşırma qabiliyyəti ildə 10 mln. ton yük və 50 min konteyner olacaq. İkinci mərhələdə isə limanın yükaşırma gücü 17 mln. ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 mln. ton yük və 1 mln. konteynerə çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi