Beyləqanda "kütləvi çıxarış" kampaniyası keçirilib

Beyləqanda "kütləvi çıxarış" kampaniyası keçirilib Əmlak Məsələləri Dövlət Komitəsi: Fiziki məhdudiyyətli vətəndaşlar kampaniyadan öz mənzillərində faydalana bilir
İnfrastruktur
7 Aprel , 2015 14:42
Beyləqanda kütləvi çıxarış kampaniyası keçirilib

Bakı. 7 aprel. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi ötən ildən start verdiyi və hər ay ardıcıl davam etdirdiyi “kütləvi çıxarış” kampaniyasını yeni formatda növbəti dəfə Beyləqan rayonunda həyata keçirib. Kampaniya çərçivəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər uzaq kənd və qəsəbələrdə əhaliyə çatdırılır. Bu dəfəki yenilik artıq fiziki məhdudiyyətli vətəndaşların kampaniyadan birbaşa öz evlərində faydalana bilməsidir. Belə ki, dövlət reyestrindən çıxarışlar belə vətəndaşlara birbaşa onların mənzillərində təqdim olunub və əvvəlki illərdə verilmiş qeydiyyat sənədləri də qəbul edilib.

Komitədən "Report"a verilən məlumata görə, kampaniya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mobil ofis xidmətləri vasitəsilə həyata keçirilir. Komitənin zəruri müasir avadanlıqlarla təchiz edilmiş xüsusi nəqliyyat vasitələrində vətəndaşlara qeydiyyat xidmətləri yerlərdə göstərilir. Mobil ofis xidmətləri bütün respublika üzrə müxtəlif rayonlarda paralel olaraq həyata keçirilir.

Kampaniyanın yeni formatı yerlərdə mobil ofislər vasitəsilə hazır çıxarışların təqdim olunması ilə yanaşı, vətəndaşların əvvəllər əldə etdiyi mülkiyyətə dair sənədlərinin də qəbulunu nəzərdə tutur. Kampaniya yeni formatda fevralda Zaqatala və ətraf rayonlarda keçirilib.

Bu dəfə Beyləqan rayonunda kampaniya çərçivəsində 200-ə yaxın vətəndaşa torpaq sahələri və fərdi evlərə dair dövlət reyestrindən çıxarışlar təqdim olunub. Eyni zamanda, 100-ə yaxın vətəndaşdan əvvəlki illərdə verilən aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər mülkiyyət hüququnu təsdiq edən sənədlər də çıxarışla əvəz olunması məqsədilə qəbul edilib.

Qeyd edək ki, indiyədək kampaniya Saatlı, Şəmkir, Abşeron, Cəlilabad, Qəbələ, Şəki, Göygöl, Masallı və Zaqatalada həyata keçirilib. Kampaniyadan bu günədək ümumilikdə 3 minə yaxın vətəndaş faydalana bilib. Qarşıdakı dövrdə kampaniya ölkənin bütün şəhər və rayonları üzrə davam etdiriləcək.

Daşınmaz əmlakın qeydiyyat sayı ötən il rekord həddə çataraq 205,2 min olub. Bu, 2013-cü ilə nisbətən 15,9% artıqdır. Son 5 ildə ölkədə qeydiyyatı aparılan əmlakların sayı 2,3 dəfə artaraq 2009-cu ildəki 89 mindən 2014-cü ildə 205,2 minə yüksəlib. 2014-cü ildə 58 min əmlak ilkin qeydiyyatdan keçərək sənədləşdirilib. İlkin qeydiyyatda bu, indiyədək müşahidə olunan ən yüksək göstəricidir.

Son xəbərlər

Orphus sistemi