Bəhrəmtəpə-Biləsuvar yolu bərpa etdirilir - FOTO

Bəhrəmtəpə-Biləsuvar yolu bərpa etdirilir - FOTO Dövlət başçısının fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən keçdiyi bölgədə xüsusi əhəmiyyətə malik Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası davam etdirilir.
İnfrastruktur
203
5 Fevral , 2020 08:51
Bəhrəmtəpə-Biləsuvar yolu bərpa etdirilir - FOTO

Dövlət başçısının fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən keçdiyi bölgədə xüsusi əhəmiyyətə malik Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası davam etdirilir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Report”a verilən məlumata görə, respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun uzunluğu 60 km-dir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun II texniki dərəcəyə təkmilləşdirilməsi işləri aparılır. Yolun ümumi eni 15 metr olmaqla bura 7.5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlər daxildir.

Layihə çərçivəsində yol boyu mobilizasiya işləri aparılıb, tikinti sahəsi təmizlənib, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yolun köhnə və yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə, həmçinin qaya dolğusu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub.

Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarıdan istifadə olunmaqla inşa olunur. Buna paralel olaraq yol əsası hazırlanan hissələrin asfaltlanması işləri də aparılır. Belə ki, yola ələqələndirici bitum səpilməklə 27 sm qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

Hazırda podratçı sahədə mövcud boruların çıxarılması və yeni boruların tikilməsi işləri də, yerinə yetirilən işlər siyahısındadır. Körpülərdə tikinti işləri davam edir.

Bundan başqa köhnə suötürücü boruların yenilənməsinə və yenilərinin inşasına ehtiyac olduğu üçün işləri, hazırda 61 mövcud boru yenilənir, 39 dairəvi boru və 14 düzbucaqlı su keçidi tikilir. Layihəyə uyğun olaraq yol boyu 8 nöqtədə yeraltı keçid də inşa edilir, zəruri yerlərdə 28 avtobus dayanacağının quraşdırılması da nəzərdə tutulur.

İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Ümumilikdə yol boyu aparılan ümumi işlərin tərəqqisi planı üstələyərək 43% müqabilində 57% təşkil edir.

Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu respublikamızın regionları, o cümlədən İmişli və Biləsuvar rayonları arasında iqtisadi əlaqələrin, həmçinin kənd təsərrüfatının və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bunlarla yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən bir avtomobil yolu olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.

Son xəbərlər

Orphus sistemi