Bakının ilkin mənzil bazarında qiymətlər artıb

Bakının ilkin mənzil bazarında qiymətlər artıb Satışa çıxarılan mənzillərin 58%-i orta qiymətdən ucuz təklif olunur
İnfrastruktur
11 İyun , 2015 13:40
Bakının ilkin mənzil bazarında qiymətlər artıb

Bakı. 11 iyun. REPORT.AZ/ Bakı şəhərinin ilkin mənzil bazarında bu ilin may ayında satışa təklif olunan “pod mayak” yaşayış mənzillərinin orta təklif qiyməti 1 066 dollar/kv.metrdən 3,75% artaraq 1 106 dollar/kv.m-ə qədər, milli valyuta ilə isə 1 117 manat/kv.m-dən artaraq 1 159 manat/kv.m bəndində qərarlaşıb.

"Report"un “MBA Ltd.” konsaltinq şirkətinin monitorinq qrupunun açıqladığı aylıq hesabata istinadən verdiyi xəbərə görə, ilkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin 52,6%-ni 1 000 dollar/kv.m-ə qədər olan ucuz mənzillər təşkil edib. Qiyməti 1 000-1 600 dollar/kv.m aralığında olan orta mənzillərə düşən pay isə 37,5%-dir. Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 766 dollar/kv.m və 1 200 dollar/kv.m-dir. Ümumi təklif portfelinin qalan 9,9%-ni isə qiyməti 1 600 dollar/kv.m-dən yuxarı olan bahalı mənzillər təşkil edib. Bu seqmentdə qeydə alınan orta qiymət isə 2 145 dollar/kv.m olub.

Hesabat ayında satışa çıxarılan “pod mayak” mənzillərin sayında Nəsimi, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edib və bu üç rayonun ümumi təklif portfelindəki payı birlikdə 63,9%-ə bərabərdir.

Hesabata əsasən, ilkin yaşayış mənzil bazarında 1 kv. metrin qiymətinə görə təklif olunan ən bahalı 5 otaqlı təmirsiz mənzil olub. Səbail rayonunda, “Sahil” metro stansiyası yaxınlığında yerləşən 265 kv. m sahəyə malik olan, tam təmirsiz mənzilin satış qiyməti 3 200 dollar/kv. m təşkil edib. Ən ucuz isə apreldə olduğu kimi, Masazır qəsəbəsində ümumi sahəsi 53 kv. m olan yeni tikili, 1 otaqlı mənzil (400 dollar/kv.m) olub.

Ay ərzində Nərimanov, Abşeron, Nəsimi və Xətai rayonlarında qiymət artımı (3,3%, 2,3%, 2,2% və 3,3%) qеydə alınıb. Mayda ən çoх qiymət azalması isə Binəqədi, Nizami və Səbail rayonlarında (-8,2%, -3,9% və -4,1%) müşahidə olunub.

Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1 106 dollar) aşağı olan mənzillərin ümumi portfеldə xüsusi çəkisi 58,3% təşkil edib.

Son xəbərlər

Orphus sistemi