Bakıdan bölgələrə işləyən avtobuslar necə yenilənə bilər?

Bakıdan bölgələrə işləyən avtobuslar necə yenilənə bilər? Bakıdan ölkənin digər şəhər və rayonlarına işləyən avtobusların həddindən çox köhnə olduğu kimsəyə sirr deyil.
İnfrastruktur
1 Mart , 2023 13:00
Bakıdan bölgələrə işləyən avtobuslar necə yenilənə bilər?

Bakıdan ölkənin digər şəhər və rayonlarına işləyən avtobusların köhnə olduğu kimsəyə sirr deyil.

Azərbaycanın bölgələrində isə sərnişindaşımada hətta ötən əsrin 70-80-ci illərdə buraxılmış avtobuslardan istifadə olunur.

Bəs həmin nəqliyyat vasitələrini necə yeniləmək olar? “Report” bununla bağlı araşdırma aparıb.

Nəqliyyat məsələləri üzrə Elməddin Muradlı deyir ki, Azərbaycanda avtobusların çoxunun istismar müddətinin başa çatdığını aidiyyəti dövlət qurumlarında da bilirlər: "Məsələn, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmiləri dəfələrlə açıq şəkildə bəyan ediblər ki, sərnişindaşımada istifadə edilən avtobusların 70 %-nin 20 ildən çox istismar müddəti var. Bu, yaxşı hal deyil”.

"Daşıyıcı şirkətlər ƏDV-dən, gömrük rüsumundan azad edilsin"

Ekspertin fikrincə, vəziyyəti düzəlmək üçün daşıyıcı şirkətlərə güzəştlər edilməlidir: "Sahibkarlara elə bir imkan yaradılmalıdır ki, onlar avtobus parklarını yeniləyə bilsinlər. Əgər sahibkar sərnişindaşıma sahəsində fəaliyyət göstərsə, onun əlavə dəyər vergisindən (ƏDV), gömrük rüsumundan azad edilməsi kimi güzəştlər ciddi dəstək olar. Bu istiqamətdə yeni konsepsiyanın tətbiqinə ehtiyac var. Bu gün Gürcüstanda 50 min manata olan avtobusun qiyməti Azərbaycana gətiriləndə 150 min manat olur. Son nəticədə Gürcüstan nömrələri ilə sürücülər Azərbaycanda sərnişin daşıma ilə məşğul olurlar. Onlar vətəndaşları Bakıdan rayonlara 7 manata daşıyırlar, lakin digər sürücülər isə 11 manata və daha yüksək qiymətə daşımağa məcburdular. Çünki onlar qanuni daşıma həyata keçirirlər. Bu kimi halların qarşısının alınması üçün reydlər keçirilir. Lakin reydlərlə belə hadisələrin qarşısını almaq mümkün deyil. Əsas yerli daşıyıcılara əsaslı dəstək lazımdır ki, onlar yeni avtobus almaqda maraqlı olsunlar”,- deyə o, bildirib.

"Dövlət bu sahəyə ciddi nəzarət etməlidir"

Bununla yanaşı, E.Muradlı deyir ki, sahibkarlıq fəaliyyəti olsa belə dövlət bu sahəyə ciddi nəzarət etməlidir: “İstismar müddəti bitmiş avtobus istifadə edilməməli, qaraj sistemi bərpa olunmalıdır. Avtobus xidmətdən sonra qaraja girməlidir, təmizləndikdən sonra yenidən istifadəyə verilməlidir. Nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) komissiya üzvü kimi müsabiqəyə çıxarılan avtobusların vəziyyətinə baxırıq, çox dəhşətlidir. Nazirlik dəfələrlə sahibkarlara müraciət edib. Sahibkarlar bu sahəyə diqqət göstərsinlər, onlara müvafiq şərait və imkan yaradacaqlar ki, avtobus parklarını yeniləyərək fəaliyyət göstərsinlər. Lakin müsabiqəyə çıxarılan avtobusların ən təzəsi 2005-ci ilə məxsusdur. Müsabiqəyə çıxarılanlar 1997, 1998, 1999-cu illərin "Ford"larıdır, "Sprinter"ləridir. Müsabiqəyə çıxarılanlar arasında daha yaxşısı yoxdur ki, həmin seçimlərə üstünlük verilsin”.

"Avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir"

AYNA-dan isə məsələ bağlı “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsini daim diqqət mərkəzində saxlanılır: “Sərnişindaşıma bazarında rəqabətli mühitin yaradılması, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi məqsədilə marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır. Həmçinin, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sahibkarlarla mütəmadi görüşlər keçirilir. Görüş zamanı sahibkarlara avtobusların yenilənməsi tövsiyə edilir”.

Son xəbərlər

Orphus sistemi