Bakıda vahid dispetçer xidməti sərnişindaşımaya nə verəcək?

Bakıda vahid dispetçer xidməti sərnişindaşımaya nə verəcək? Bakıda sərnişindaşımada mərkəzləşdirilmiş vahid dispetçer xidmətinin yaradılmasına hazırlıq gedir.
İnfrastruktur
12 Avqust , 2021 17:45
Bakıda vahid dispetçer xidməti sərnişindaşımaya nə verəcək?

Bakıda sərnişindaşımada mərkəzləşdirilmiş vahid dispetçer xidmətinin yaradılmasına hazırlıq gedir.

"Report" xəbər verir ki, bu məsələ avqustun 10-da Bakı Nəqliyyat Agentliyində (BNA) müntəzəm marşrutların daşıyıcıları ilə keçirilmiş görüşdə müzakirə olunub.

Agentliyin nümayəndələri bazar iştirakçılarına proqram təminatının funksiyaları, nəzarət mexanizminin tətbiqi barədə məlumat veriblər. Bildirilib ki, sərnişindaşımada təhlükəsizliyin və rahatlığın təmin edilməsi məqsədilə mütəmadi olaraq marşrutlar nağdsız ödəniş sisteminə inteqrasiya edilir və proses davam etdirilməkdədir.

"Report" məsələ ilə bağlı ekspertlərin rəylərini öyrənib:

"Nəqliyyatda yaranan problemlər tez həll ediləcək"

Onlardan biri - Rauf Ağamirzəyevin sözlərinə görə, mərkəzləşdirilmiş vahid dispetçer xidməti müntəzəm marşrut xətlərinin bir mərkəzdən idarə edilməsinə şərait yaradacaq və bu proses daha effektiv olacaq: "Müntəzəm marşrut xətlərinin bir mərkəzdən idarə edilməsi Bakının nəqliyyat infrastrukturunu optimallaşdıracaq. Qrafik üzrə hərəkət edən avtobuslarda gecikmə və yaxud digər hadisə baş verdikdə vahid dispetçer xidməti problemi tez bir zamanda həll edə biləcək, yaranmış pərakəndəliyi tez bir zamanda aradan qaldıracaq. Bir sözlə, müntəzəm marşut xətlərin qrafiklərinin izlənməsi qeydə alınan problemlərin həllində faydalı olacaq”.

"İnhisarçııq olsa, xidmətin keyfiyyəti aşağı düşəcək"

Digər ekspert Rəşad Həsənov isə deyir ki vahid dispetçer xidmətinin hansı formada fəaliyyət göstərməsi onun əsasnaməsindən asılı olacaq: “Əgər inhisarçılığa yol verilsə, bu, xidmətin keyfiyyətin aşağı düşməsinə səbəb olacaq və nəqliyyat sektorunu əhəmiyyətli dərəcədə zəiflədəcək. Hesab edirəm ki, vahid dispetçer xidmətinin yaradılması inhisarçılığa meyilli təşəbbüslərin reallaşdırılmasına şərait yaratmamalıdır. Çünki əvvəllər bir sıra bənzər təşəbbüslər olub. Bu təşəbbüslər də cəmiyyətdə ciddi etirazlar yaradıb.

Vahid dispetçer xidmətinin reallaşdırılmasında İKT-nin imkanlarından istifadə edilərsə, o, daha çevik və kütləvi sərnişindaşımanın tətbiqi istiqamətində bir faydalı alətə çevrilə bilər. O cümlədən nəqliyyat vasitələrinin daha optimal idarə edilməsinə, xüsusilə sıxlıq zamanı sərnişindaşıma prosesinə çevik müdaxilənin təmin edilməsinə şərait yarana bilər. Bunu hansısa formada mürəkkəb bir sistemə çevirmək isə mənfi nəticələnə bilər. Xüsusilə yeni xidmət sahibkarlıq subyektlərinin fəaliyyətinə birbaşa müdaxiləyə gətirib çıxaracaqsa, bu sistemin özü nəqliyyat sahəsində rəqabətin zəifləməsinə təkan verə bilər. Ümid edirəm ki, BNA-nın mövqeyi bu istiqamətdə olmayacaq”.

Son xəbərlər

Orphus sistemi