Bakıda ixtisaslaşdırılmış Yaşıl Market Kompleksi - AQROMOLL istifadəyə verilib

Bakıda ixtisaslaşdırılmış Yaşıl Market Kompleksi - AQROMOLL istifadəyə verilib Yaşıl marketlərin tərkibində infrastruktur obyektləri fəaliyyət göstərir
İnfrastruktur
19 Mart , 2017 14:49
Bakıda ixtisaslaşdırılmış Yaşıl Market Kompleksi - AQROMOLL istifadəyə verilib

Bakı. 19 mart. REPORT.AZ/ Dövlətin güzəştli maliyyə dəstəyi ilə yaradılan ixtisaslaşdırılmış yaşıl marketlərdən biri bu gün Bakının Nəsimi rayonunda istifadəyə verilib.

"Report"un xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov və Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov İxtisaslaşdırılmış Yaşıl Market Kompleksində olub, satılan məhsulların qiymətləri ilə maraqlanıblar, satıcı və istehlakçıların fikirlərini dinləyiblər.
Dövlət başçısının "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamına uyğun olaraq həyata keçirilən tədbirlər çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən ümumi dəyəri 221 mln. manat, tutumu 206 min ton olan 12 logistik mərkəzin, illik emal gücü 10,5 min ton ət emalı (kəsim fabriki) müəssisəsinin, Bakı və Gəncə şəhərlərində, Şəmkir və İsmayıllı rayonlarında 4 ixtisaslaşdırılmış yaşıl marketin yaradılmasına 88 mln. manat güzəştli kredit verilib.
Bu layihələrin icrası 1100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumi dəyəri 52 mln. manat olan və 15,7 mln. manat güzəştli kredit verilən yaşıl marketlərin yaradılmasında məqsəd regionlarda kənd təsərrüfatının inkişafını təşviq etmək, fermerlərə birbaşa olaraq yerli məhsullarını satmağa şərait yaratmaq, eləcə də şəhər əhalisinə təzə kənd təsərrüfatı məhsullarının çatdırılmasını təmin etməkdir.
Yaşıl marketlərin tərkibində - fermer mağazaları, pərakəndə və topdan satış üçün nəzərdə tutulan qapalı və açıq tipli ticarət zonaları, meyvə-tərəvəz və digər ərzaq məhsullarının saxlanması üçün soyuducu anbarlar, çeşidləmə və qablaşdırma sahəsi, müştərilərin istiharət zonası, laboratoriya, avtodayanacaq və s. infrastruktur obyektləri fəaliyyət göstərir.
Fermerlər tərəfindən istehsal olunan məhsulların vasitəçilərsiz bazarlara çıxarılması, kənd təsərrüfatı məhsullarının istehlakçılara daha ucuz qiymətlərlə təklif olunması, ilin bütün fəsillərində istehlakçıların yüksək keyfiyyətli ərzaq məhsulları ilə təminatı, eləcə də əhalinin məşğulluğunun təmin edilməsi də yaşıl marketlərin üstün cəhətlərindəndir. Bütün bunlar isə istehlakçıların fasiləsiz olaraq əlverişli qiymətlərlə keyfiyyətli məhsullarla təmin olunmasına imkan verəcək.
Qeyd edək ki, İxtisaslaşdırılmış Yaşıl Market Kompleksi 1,1 hektar ərazidə yerləşir. Ümumi dəyəri 12,5 mln. manat olan yaşıl marketin yaradılmasına 9,1 mln. manat dövlətin güzəştli krediti verilib. Kompleksdə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən fermerlərə istehsal etdikləri meyvə və tərəvəzlərin, ət və balıq məhsullarının satışının təşkili üçün əlverişli şərait yaradılıb. Eyni zamanda 300-dək fermer öz məhsullarının satışını həyata keçirə bilər. Bunun üçün kompleksdə meyvə-tərəvəz məhsulları üçün qapalı və açıq bazarlar, 20 fermer mağazası, ət və balıq məhsulları üçün qapalı bazar, soyuducu anbar, 2 mərtəbəli market və avtodayanacaq yerləşir. Yaşıl marketdə 300-dən çox yeni iş yerinin açılması imkanı yaranıb.

Son xəbərlər

Orphus sistemi