Bakı. 15 mart. REPORT.AZ/ Bakıda ictimai nəqliyyatdan istifadənin asanlaşdırılması və stimullaşdırılması üçün müəyyən küçə və prospektlərdə xüsusi hərəkət zolaqlarının çəkilməsinə başlanılıb. "Report" xəbər verir ki, ilk belə hərəkət zolağı Nəsimi rayonunun Füzuli küçəsində çəkilib.
Bu işləri həyata keçirən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bu zolaqlar ancaq sərnişin avtobusları üçün nəzərdə tutulub: "Bu zolaqlar olan küçələrdən keçən marşrut xətlərinə xidmət edən avtobuslar bu hərəkət zolağına daxil ola bilərlər. Digər nəqliyyat vasitələrinin həmin hərəkət zolağından istifadəsi qadağandır".
Mais Ağayev
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə qeyd edib ki, ictimai nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı xüsusi hərəkət zolağının çəkilməsi, əlbəttə, təhlükəsizliyin təmin edilməsi ilə bağlı ən vacib şərtlərdən biridir.
Vaqif Əsədov
Onun sözlərinə görə, ictimai nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı tələblər öz həllini tapdıqdan sonra bu zolaqlar üzrə kənar nəqliyyat vasitələrinin cərimələnin məbləği məlum olacaq.
Qeyd edək ki, ümumilikdə Bakıda 9 küçədə bu xətlərin çəkilməsi nəzərdə tutulub.
Foto: Elşən Baba










