Bakıda "Fərqlənmə nişanı" almaq istəməyən taksi sürücüləri ilə görüş keçirilib

Bakıda "Fərqlənmə nişanı" almaq istəməyən taksi sürücüləri ilə görüş keçirilib Sürücülərə dayanma və durma qaydalarının tələbləri izah edilib
İnfrastruktur
18 Yanvar , 2017 14:47
Bakıda Fərqlənmə nişanı almaq istəməyən taksi sürücüləri ilə görüş keçirilib

Bakı. 18 yanvar.REPORT.AZ/ Bu gün Bakı metrosunun "Qara Qarayev" stansiyasının ətraf ərazisində yaşayan sakinlərin müraciəti əsasında Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslərlə görüşüblər.

"Report" xəbər verir ki, görüşdə BNA və Bakı şəhər DYP İdarəsinin əməkdaşları taksi sürücülərinə bu xidmət sektorunda fəaliyyət göstərmək üçün "Fərqlənmə nişanları"nın alınmasının zəruri olduğunu bildiriblər.

Görüşdə iştirak edən bina sakinləri şikayətlərini çatdırarkən bildiriblər ki, minik avtomobili ilə taksi xidməti göstərən nəqliyyat vasitələrinə görə öz avtomobillərini yaşadıqları ərazidə saxlaya bilmirlər və məcburən avtomobillərini xeyli uzaq məsafədə saxlamalı olurlar. Ərazi sakinlərinin sözlərinə görə, hətta səki üzərində avtomobillərin sıxlığına görə normal hərəkət etmək mümkün olmur.

Görüşdə sürücülər nəqliyyatın hərəkətinə mane olduqlarını etiraf etsələr də, bildiriblər ki, taksilər üçün xüsusi duracaqlar təşkil edilməməsi ərazidə bu cür çətinliyin yaranmasına səbəb olur:"Biz buradan əsasən Binə qəsəbəsinə hərəkət edirik. "Fərqlənmə nişanı" almağa etiraz etmirik. Amma bundan sonra DYP də taksi sürücülərinin ərazidə dayanıb işləməsinə icazə vermir. Nə üçün sürücülər 18 manat dövlət rüsumu ödəməlidirlər? Biz işlədiyimiz bu ərazidə duracaqların təşkil edilməsini istəyirik".

Qeyd edək ki, BNA yaranmış vəziyyətlə əlaqədar olaraq ərazidə taksi duracaqlarının təşkil edilməsi ilə bağlı hökumətə müraciət edib. Yaxın vaxtlarda bu duracaqların harada, hansı şəkildə təşkil etməyin mümkün olacağı aydınlaşacaq. BNA-nın ictimai əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayev bildirib ki, ümumiyyətlə, Bakıda taksi fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir fiziki və hüquqi şəxs "Fərqlənmə nişanı" almalı və dövlət rüsumu ödəməlidir.

"Sürücülərə bildiririk ki, hazırda paytaxt yollarında taksilərlə bağlı müşahidə edilən ən narahatedici məqam onların dayanma və durma qaydalarının tələbini pozaraq nəzərdə tutulmayan yerlərdə, xüsusən də avtobus dayanacaqlarında park etmələridir. Bu hal isə küçə və prospektlərdə digər hərəkət iştirakçılarına mane olmaqla avtonəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olur", - deyə M.Ağayev bildirib.

Qeyd edək ki, BNA-nın xüsusi eskpert qrupu paytaxtın bütün küçə və prospektlərində, metro stansiyaları, alış-veriş mərkəzləri və əhalinin sıx toplaşdığı digər ərazilərdə təhlillər aparır. Bunun nəticəsində yerləşdiyi ərazidə avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane yaratmayan dayanacaqlar pasportlaşdırılır. Artıq 79 belə dayanacaq pasportlaşdırılaraq taksi sürücülərinin ixtiyarına verilib. Yaxın vaxtlar Qara Qarayev prospektində də yeni taksi dayanacaq yerləri müəyyən ediləcək.

Görüş maarifləndirici xarakter daşıdığından dayanma və durma qaydalarının tələbini pozan sürücülərə qarşı hər hansı cərimə protokolu tərtib edilməyib. Lakin gələcəkdə qanunvericiliyin bu tələbinə əməl etməyən sürücülərə qarşı inzibati cəza tədbirləri görüləcək.

Son xəbərlər

Orphus sistemi